Azərbaycan, Bakı, 24 sentyabr / Trend /
Çinin CNPC Hong Kong Ltd (CNPCHK) şirkəti 2009-cu ilin birinci yarısında Azərbaycanın quru yatağı "Kürsəngi-Qarabağlı"dan 422 min barel K&K növlü neft əldə edib. 2008-ci ilin birinci yarısında bu göstərici 448 milyon barel təşkil edib. Bu barədə CNPCHK-nın hesabatında deyilir. CNPC layihədə 25 faiz iştirak payına malikdir.
Hesabatda deyilir ki, şirkətin əldə etdiyi (vergilərin ödənilməsindən sonra) gəlir ilin birinci yarısında 620,2 min dollar təşkil edib. Bu göstərici 2008-ci ilin analoji dövründə 8,1 milyon dollar təşkil edib. CNPCHK-nın "Kürsəngi-Qarabağlı" yatağından əldə olunan gəlirinin azalması dünyada neftə olan qiymətin azalması ilə bağlıdır. K&K növünün APİ üzrə sıxlığı 26 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı isə 0,27 faizdir.
"Kürsəngi-Qarabağlı" quru yatağının işlənməsi müqaviləsinin qüvvədəolma müddəti 25 il təşkil edir. Layihənin iştirakçıları: ARDNŞ - 50 faiz və Forunmate - 25 faiz. Yatağın işlənməsi üzrə əməliyyat şirkəti Salyan Oil-dir.
"Kürsəngi-Qarabağlı"nın ümumi müqavilə sahəsi 450 kvadrat kilometr təşkil edir. Yataq Azərbaycanın Salyan rayonunda yerləşir (Bakıdan 150 km uzaqlıqda). Dövlət Neft Şirkəti mütəxəssislərinin fikrincə, müqavilə sahəsində qalıq neft ehtiyatları 152 milyon ton təşkil edir.