Azərbaycan, Bakı, 20 oktyabr / Trend /
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yeni "Bulla dəniz-4" dördbloklu platformanın tikintisini başa çatdırıb. Bu barədə ARDNŞ tərəfindən çərşənbə axşamı yayılan məlumatda deyilir.
Platformanın üç bloku Heydər Əliyev adına Dərin Özüllər Zavodunda, biri isə ARDNŞ-nin "NeftQazİnşaat" trestinə məxsus olan Zığdakı tikinti-montaj meydançasında tikilib.
Yaxın günlərdə həmin bloklar "General Əliağa Şıxlinski" dəniz kranı vasitəsilə dənizin 34 metr dərinliyindəki layihə yerinə gətiriləcək. Yeni platformadan 5700 metr dərinliyi olan quyunun qazılması planlaşdırılır.
"Bulla dəniz" yatağı Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin balansında yerləşir. Yataqda yerləşən platformadan sutkalıq 450 min kubmetr qaz hasil edilir.
"Bulla dəniz" yatağının 34 illik istismarı müddətində buradan 62 milyard kubmetr qaz və 11 milyon ton neft hasil edilib.