...

"Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin orta illik əməliyyat effektivliyi 99 faizi ötür

Energetika Materials 16 Dekabr 2009 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir E.İsmayılov/

"Bakı-Tbilisi-Ceyhan" (BTC) neft kəmərinin orta illik əməliyyat effektivliyinin göstəricisi 98,4 faiz təşkil edir. Bu barədə Botas International Limited (BIL) şirkətinin rəsmi saytında yayılmış məlumatda deyilir. BIL-i ilkin olaraq xarici şirkətlərlə əməkdaşlıq əlaqələri yaratmaq üçün Türkiyənin Dövlət Boru Şirkəti Botaş yaradıb. 2001-ci ildə şirkət BTC neft kəmərinin istismara verilməsi məqsədilə yenidən təşkil edilib.

Məlumatda deyildiyi kimi, ötən il ərzində neft kəmərinin effektivliyi 97 faizdən aşağı düşməyib. Noyabrın yekununda BTC-nin aktivlik göstəricisi 99,3 faiz təşkil edib.

"BIL Ceyhan terminalından neft göndərilməsinə 2006-cı il iyunun 2-dən başlayıb. Bu tarixdən etibarən şirkət ümumi həcmi 789 milyon barel olmaqla 997 tanker göndərib", - BIL-in saytında deyilir.

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) məlumatına görə, yanvar-noyabr ərzində BTC vasitəsilə 33,4 milyon ton neft nəql edilib. Dekabrın 1-nə olan məlumata görə, boru kəmərinin işə başlamasından etibarən bu kəmərlə 103,7 milyon ton neft nəql edilib. Noyabrda boru kəməri vasitəsilə 2,9 milyon ton neft nəql edilib.

ВТС ilə əsasən Azərbaycanın Azeri Light markalı yüngül nefti və kiçik həcmdə Qazaxıstanın "Tengiz" yatağından çıxarılan neft nəql olunur. Tengiz neftinin BTC vasitəsilə nəqlinə ötən ilin oktyabrında başlanılıb.

Yanvar-noyabrda BTC vasitəsilə 1,8 milyon ton Qazaxıstan neft nəql edilib. Noyabrda bu göstərici 188,7 min ton olub.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Bunun 443 kilometri Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003-cü ildə, onun neftlə doldurulması isə 2005-ci il mayın 18-də başlanıb.

BTC-nin inşası dörd milyard dollara başa gəlib. Tikinti işləri üzrə bu xərclərə boru kəmərinin doldurulması, maliyyə xərcləri və bank faizlərinin gəlirləri daxil deyil. Maliyyə kreditinin ümumi məbləği 2,6 milyard dollar təşkil edir.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); ТРАО (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti