...

ARDNŞ qrafikə uyğun olaraq Rusiyaya qaz tədarük edir

Energetika Materials 22 Fevral 2010 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir E.İsmayılov/

Azərbaycan qazının alqı-satqısı üzrə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə Rusiyanın qaz monopoliyaçısı "Qazprom" şirkəti arasındakı ortamüddətli müqavilə çərçivəsində hazırda Azərbaycan Rusiyaya sutkada 1,5 milyon kubmetr qaz ixrac edir. Bu barədə neft-qaz bazarındakı mənbə bildirib.

"Rusiyaya qaz ixracı plana uyğun olaraq həyata keçirilir. Hazırda bu göstərici sutkada 1,5 milyon kubmetr təşkil edir", - mənbə deyib.

Azərbaycan qazının Rusiyaya tədarükü cari ilin yanvarın 1-dən başlayıb.

ARDNŞ prezidenti Rövnəq Abdullayevin daha əvvəllər dediyinə görə, ilkin olaraq nəzərdə tutulurdu ki, 2010-cu ildə Rusiyaya 500 milyon kubmetr qaz ixrac ediləcək, lakin danışıqlar nəticəsində tərəflər tədarük həcminin iki dəfə artırılmasına dair qərara gəliblər.

Azərbaycan illik buraxılma qabiliyyəti 5 milyard kubmetrədək olan Mozdok-Qazıməhəmməd qaz kəməri vasitəsilə Rusiyaya qaz ixrac edir. 2007-ci ilədək bu qaz kəməri vasitəsilə Azərbaycan 4,5 milyard kubmetrədək qaz idxal edib. Lakin sonradan Azərbaycan Rusiya qazının idxalından imtina edib.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə oktyabrın 14-də Bakıda imzalanıb. Müqavilə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə "Qazprom" şirkəti arasında imzalanıb, 2010-2014-cü illəri əhatə edir. Müqaviləyə uyğun olaraq, Azərbaycan tərəfi hər il Rusiyaya 500 milyon kubmetrdən az olmayaraq qaz tədarük edəcək. Müqavilədə tədarük həcminin həddi göstərilməyib. ARDNŞ tədarük edə biləcəyi həcm barədə yarım il əvvəldən qarşı tərəfi xəbərdar edəcək.

Xəbər lenti

Xəbər lenti