...

BP şirkəti ARDNŞ-nin Baş ofisində prezentasiya keçirib

Energetika Materials 16 Aprel 2010 04:52 (UTC +04:00)
Aprelin 15-də ARDNŞ-nin Baş ofisində BP şirkəti tərəfindən “Dayaz suların işlənmə və mənimsənilməsi – BP şirkətinin dünya üzrə təcrübəsi” mövzusunda prezentasiya keçirilmişdir
BP şirkəti ARDNŞ-nin Baş ofisində prezentasiya keçirib

Aprelin 15-də ARDNŞ-nin Baş ofisində BP şirkəti tərəfindən "Dayaz suların işlənmə və mənimsənilməsi - BP şirkətinin dünya üzrə təcrübəsi" mövzusunda prezentasiya keçirilmişdir, ARDNŞ-ın saytında deyilir.

Tədbiri giriş sözü ilə açan ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirin mahiyyəti və əhəmiyyəti haqqında görüş iştirakçılarını məlumatlandırmışdır. Öz növbəsində "BP-Azərbaycan"ın vitse-prezidenti Paul Clyne belə bir tədbirin keçirilməsinə şərait yaratdığı üçün ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirmiş, çıxış edəcək məruzəçilər və onların mövzuları haqqında prezentasiya iştirakçılarına geniş məlumat vermişdir. Bildirilmişdir ki, prezentasiya 3 mərhələdə - ARDNŞ rəhbərliyi, Şirkətin "Geofizika və Geologiya" İdarəsinin mütəxəssisləri və geniş texniki ictimaiyyət üçün keçiriləcəkdir. Daha sonra "BP-Misir" şirkətinin geofizika üzrə baş meneceri Brayn Barli "Dayaz sularda seysmik tədqiqatlar", "BP-Azərbaycan" şirkətinin Quyu mühəndisliyi qrupunun rəhbəri Pol Çarman "Dayaz sularda qazma əməliyyatları, sahilyanı ərazilərin ekologiyası", BP-nin Sakit Okeanın Asiya hissəsində tədqiqat işləri üzrə vitse-prezidenti Daq Hill "Tanguh, İndoneziya sahəsinə ümumi baxış", Şimal dənizi üzrə BP şirkətinin SƏTTƏM qrupunun rəhbəri Syuzi Beyvestok "Viç Farm, BK sahəsinə ümumi baxış", BP-nin Alyaskadakı Liberti sahəsinin ehtiyatlar üzrə meneceri Karl Lanqren "Liberti, Alyaska sahəsinə ümumi baxış" mövzularında keçirdikləri prezentasiyalarla təmsil etdikləri şirkətin mənimsəmə sahələrində əldə etdikləri nailiyyətlər barədə iştirakçıları məlumatlandırmışlar. Prezentasiya maraqlı sual-cavabla davam etdirilmişdir. Tədbirdə ARDNŞ-nin müvafiq idarə və şöbələrinin rəisləri, "BP-Azərbaycan" şirkətinin nümayəndələri iştirak etmişlər. Günün ikinci yarısında tədbir ARDNŞ-nin "Geofizika və Geologiya" İdarəsində davam etdirilmişdir.

Xəbər lenti

Xəbər lenti