...

Azərbaycan və Türkiyə arsındakı razılaşmalar Azərbaycan qazı üçün Nabukkoya yol açır - OMV

Energetika Materials 8 May 2010 17:55 (UTC +04:00)
Nabukko qaz kəməri layihəsinin operatoru olan Avstriyanın OMV şirkəti hesab edir ki, Azərbaycan və Türkiyə arasında tranzit sazişinə dair razılığın əldə olunması Avropa layihəsini ildə 10 milyard kub metrə qədər həcmdə Azərbaycan qazı ilə təmin etməyə imkan yaradacaq.
Azərbaycan və Türkiyə arsındakı razılaşmalar Azərbaycan qazı üçün Nabukkoya yol açır - OMV

Azərbaycan, Bakı, 8 may /Trend müxbir A. Bədəlova/

Nabukko qaz kəməri layihəsinin operatoru olan Avstriyanın OMV şirkəti hesab edir ki, AzərbaycanTürkiyə arasında tranzit sazişinə dair razılığın əldə olunması Avropa layihəsini ildə 10 milyard kub metrə qədər həcmdə Azərbaycan qazı ilə təmin etməyə imkan yaradacaq.

"Azərbaycan və Türkiyə arasında Azərbaycan qazının ixracına dair saziş Nabukko üzrə tərəfdaşlara Azərbaycandan, əsasən də "Şah Dəniz" yatağinin işlənməsinin ikinci mərhələsindən ildə 8-10 milyard kub metr qaz əldə etməyə yol açır", - OMV-nin baş direktoru Volfqanq Ruttenstorfer bildirib, Energy Intelligence Group xəbər verir.

Ötən ay Azərbaycan və Türkiyə Azərbaycan qazının Türkiyə ərazisindən tranzitinə dair razılığa gəlib.Tərəflər həmçinin "Şah Dəniz" qazkondensat yatağının işlənməsinin həm birinci, həm də ikinci mərhələsi çərçivəsində Azərbaycan qazının Türkiyə uçün qiyməti məsələsində razılığa gəlib.

Azərbaycan hazırda Xəzər bölgəsindən və Yaxın Şərq ölkələrindən AB ölkələrinə qaz ixrac etmək üçün nəzərdə tutulmuş Nabukko qaz kəməri layihəsi üçün əsas qaz ixrac edən ölkə hesab olunur.

Hal-hazırda işlədilən "Şah Dəniz" yatağı dünyanın ən böyük yataqlarından biridir. Lakin qaz ixracının artırılmasında Azərbaycan "Abşeron", "Naxçıvan", "Bahar", "Ümid-Babək" dəniz yataqları və "Azəri-Çıraq-Günəşli" neft yatağının dərinliklərində yerləşən qaz ehtiyatlarına ümid edir.

Nabukko üçün qaz ixrac edən digər potensial ixracatçılar haqqında danışarkən Ruttenstorfer bildirib ki, Şimali İraqdan analoji həcmdə qazın ixracına dair danışıqlar çətinliklərlə üzləşir. Onun sözlərinə görə, İraqın işlənməmiş yanacaq ehtiyatları Nabukko üçün əsas sayılır. Çətinliklərin səbəbi isə Kürdüstanın regional hökuməti və Bağdaddakı mərkəzi hakimiyyət arasında olan fikir ayrılıqlarıdır.

Ruttenstorferin sözlərinə görə, Türkmənistanın Nabukkoya qoşulması yalnız sonrakı mərhələlərdə mümkündür.Bunun səbəbi isə Xəzərin statusu məsələsinin həll olunmamasıdır. Bu isə türkmən qazının ixracı üçün dənizin dibi ilə kəmərin çəkilməsi yolunda maneçilik törədəcək.

"Biz bütün bu çətinlikləri anlayırıqş Buna görə də Nabukko üçün ilk qaz mənbələri Azərbaycan və Şimali İraq olacaq", - Ruttenstorfer deyib.

BP-nin məlumatına əsasən, Azərbaycanın sübut olunmuş qaz ehtiyatları 2009-cu ilin əvvəlinə 1,2 trilyon kub metr təşkil edib.Bu göstərici İraq üçün 3,17, Türkmənistan üçün isə 7,94 trilyon kub metrdir.

Dəyəri 7,9 milyard avro olan "Nabukko" layihəsi Yaxın Şərq və Xəzər regionundan Aİ ölkələrinə qaz nəqlini nəzərdə tutur. Uzunluğu 3,300 kilometrə yaxın olan "Nabukko" qaz kəməri Gürcüstan-Türkiyə və ya İran-Türkiyə sərhədindən başlayaraq, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan ərazisilə Avstriyadan "Baumqarten" qazpaylaşdırıcı qovşağa kimi keçəcək.

Layihənin iştirakçıları OMV Gas GmbH (Аvstriya), Botaş (Türkiyə), Bulgargaz (Bolqarıstan), S.N.T.G.N. Transgaz S.A. (Rumıniya), MOL Natural Gas Transmission Company Ltd. (Macarıstan) və RWE-dir (Almaniya). İştirakçıların hər biri bərabər - 16,67 faiz paya malikdirlər. Laihənin ümumi dəyərinin 30 faizinə pay iştirakı əsasında "Nabucco Gas Pipeline International" sərmayə qoyacaq, qalan 70 faiz isə kreditlər hesabına ödənəcək.

Xəbər lenti

Xəbər lenti