...

"Wartsila" Azərbaycanda öz xidmətlərinin təqdimatına hazırlaşır

Energetika Materials 7 İyun 2010 16:44 (UTC +04:00)
Finlandiyanın "Wartsila" energetika şirkəti iyunun 9-da Azərbaycanın Sənaye və Energetika Nazirliyində müasir texnologiyalar əsasında öz işlərinin təqdimatını keçirəcək. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
"Wartsila" Azərbaycanda öz xidmətlərinin təqdimatına hazırlaşır

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Finlandiyanın "Wartsila" energetika şirkəti iyunun 9-da Azərbaycanın Sənaye və Energetika Nazirliyində müasir texnologiyalar əsasında öz işlərinin təqdimatını keçirəcək. Bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

Təqdimat çərşənbə günü yerli vaxtla saat 10:00-da şirkətin vitse-prezidenti Kristof Vitstumun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən keçiriləcək. Görüşdə Fövqəladə Hallar, Müdafiə, Müdafiə Sənayesi, Səhiyyə nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, ARDNŞ-nin (Dövlət Neft Şirkəti), Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, "Azərenerji" SC, "Azəristiliktəchizat" SC və Bakı metropoliteninin mütəxəssisləri iştirak edəcəklər.

2005-2010-cu illərdə "Wartsila" şirkəti Azərbaycanda ümumi gücü 880 meqavat olan modul stansiyaların inşası və istismara verilməsi layihələrini uğurla başa çatdırıb. Şirkət həmçinin gəmiqayırmada, qızdırıcı sistemlərin inşasında, neft və qaz kompressor avadanlıqları və digər sahələrdə də böyük təcrübəyə malikdir. Şirkətin avadanlıqları "Bakı-Tbilisi-Ceyhan" neft kəməri layihəsinin həyata keçirilməsinə müsbət töhfə verib.

Şirkət ISO 9001, 14001 sertifikatlarına, DNF-in təqdim etdiyi 18001 sertifikatına, eləcə də Rusiya Dəniz Gəmiçiliyi Reyestrinin sertifikatına malikdir.

Azərbaycan Xəzər regionunda "Wartsila" şirkətinin əsas tərəfdaşlarından biridir. Şirkət ölkədə əsasən neft-qaz sahəsində elektrik enerjisinin istehsalı, dəniz daşımaları ilə məşğuldur. "Wartsila" Azərbaycanda 10 ildir fəaliyyət göstərir və hazırda onun əməkdaşlarının sayı 90 nəfər təşkil edir.

Şirkətin genişləndirilmiş yeni ofisi və sexi 2008-ci ilin iyununda istismara verilib. Şirkət həm elektrik stansiyalarında, həm də gəmiçilikdə satış və servis üzrə tam xidmətlər təqdim edir. Bu servis mərkəzi Mərkəzi Asiyada da şirkətlərin fəaliyyətini dəstəkləyir.

Hazırda Azərbaycanda şirkət tərəfindən tikilən və ümumi gücü 88 meqavat olan yeddi elektrik stansiyası fəaliyyət göstərir. Onların arasında Astara, Bakı, Xaçmaz, Naxçıvan, Şəki, Quba və Səngəçal elektrik stansiyaları var. Onlardan ən irisi Səngəçal elektrik stansiyasıdır. Onun gücü 300 meqavatdır.

"Wartsila" dünyanın 70 ölkəsində 160 törəmə müəssisəyə malikdir. Əməkdaşlarının ümumi sayı 18 min nəfərdir. 2009-cu ildə şirkətin satış həcmi 5,3 milyard avro təşkil edib.

Xəbər lenti

Xəbər lenti