...

Azərbaycanın neft-qaz sektoru "Wartsila" üçün geniş imkanlar açır – şirkətin vitse-prezidenti Kristof Vitztum (MÜSAHİBƏ)

Energetika Materials 10 İyun 2010 20:36 (UTC +04:00)
Finlandiyanın "Wartsila" şirkətinin vitse-prezidenti Kristof Vitztum ilə Trend-in müsahibəsi

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir A.Bədəlova/

Finlandiyanın "Wartsila" şirkətinin vitse-prezidenti Kristof Vitztum ilə Trend-in müsahibəsi

"Wartsila" şirkəti sənayenin müxtəlif sahələrində demək olar iki yüz ildir fəaliyyət göstərir. Bu gün şirkət gəmi mühərrik qurğuları və enerji sistemləri sahəsində dünya liderlərindən biridir. Şirkət Azərbaycanda bir sıra iri layihələr həyata keçirib. Onların arasında ölkə regionlarındakı modul elektrik stansiyaları var. Həmin stansiyalardan ən irisi Səngəçal ərazisindədir.

- Siz Azərbaycanda həyata keçirilən layihələri necə qiymətləndirirsiniz? Şirkət ölkənin enerji sektorunda əməkdaşlığı davam etdirmək niyyətindədirmi? Ölkədə yeni layihələrin həyata keçirilməsinə baxılırmı və əgər cavab müsbətdirsə, onlar hansı layihələrdir?

- Bizim Azərbaycandahəyata keçirdiyimiz layihələr həddindən artıq uğurlu olub. İlk tikinti işlərindən başlayaraq ilk beş elektrik stansiyasının istismarına qədər bir ilə yaxın vaxt keçib. Bu təkcə "Wartsila" üçün deyil, ümumilikdə sənaye üçün son dərəcə qısa müddətdir. Hesab edirəm ki, uğurlu fəaliyyətin səbəbi Azərbaycanla əməkdaşlığın kifayət ədər yaxşı səviyyədə olmasıdır.

Gələcək layihələrə gəldikdə, biz əlbəttə ki, Azərbaycanda biznesimizin genişlənməsində maraqlıyıq. Biz daim yeni layihələrlə bağlı ölkədəki müştərilərlə birgə müzakirələr aparırıq.

- Bu il və gələn il üçün şirkətin hansı planları var?

- Qeyd etmək vacibdir ki, "Wartsila" elektrik stansiyalarının və ya dəniz gəmiləri üçün qurğuların və obyektlərin satışı zamanı sonradan onlar üzrə xidmətlər də göstərir. Bu, bizim üçün həm də çox ciddi məsuliyyətdir və bu bizim biznes aparmaq üsulumuzdur. Azərbaycanda beş elektrik stansiyasının, eləcə də sonrakı mərhələdə daha ikisinin tikintisindən sonra biz dərhal ölkədə post-satış xidmətlərinin yaradılmasına başladıq. Biz burada 90-a yaxın yüksək ixtisaslaşdırılmış mütəxəssislər saxlayırıq. Deyə bilərəm ki, bu, bütün Xəzər regionunda ən yaxşı servis mərkəzidir. Biz bununla çox qürur duyuruq və biz gələcəkdə də bu sahədə inkişaf etməkdə davan edəcəyik.

- Sizin şirkət üçün daha çox prioritet sahələr hansılardır?

- Hesab edirəm ki, ölkənin prioritetləri bizim fəaliyyətimizi müəyyən edir. Əlbəttə, elektrik enerjisinin istehsalı vacib sahə olaraq qalır. Lakin bu gün regionda nəzərdən keçirilən çoxlu sayda boru kəmərləri layihələrini şərtləndirən neft-qaz sektoru da vacibdir. Bu sektor bizim üçün həm də daha geniş imkanlar açır.

Biz Azərbaycanın gəmiqayırma sahəsində çoxlu planlara malik olduğu offşor bazarını da yaddan çıxarmamalıyıq. Burada qeyd etmək düzgün olardı ki, dünyada hər üç gəmidən biri "Wartsila" şirkətinin mühərrikləri ilə təchiz olunub. Biz dəniz qurğuları sahəsində bazarın lideriyik. Və bu bizim Azərbaycanda genişləndirmək istədiyimiz həmin fəaliyyət sahəsidir.

- "Wartsila"nın fəaliyyət istiqamətlərindən biri istənilən gəmi tipi və offşor qurğuları üçün nəzərdə tutulan gəmi avadanlıqlarıdır. Şirkətin bu istiqamətdə Azərbaycanla əməkdaşlıq planları varmı?

- Şübhəsiz ki, bu, əməkdaşlıq etmək istədiyimiz sahədir. Bizim gəmiqayırma sahəsində fəaliyyətin inkişaf etdiyi ölkələrdə böyük müsbət təcrübəmiz var. Bizim Azərbaycanda olduğu kimi, gəmiqayırma sahəsində fəaliyyətin inkişaf etdiyi Cənubi, Cənub-Şərqi Asiyada, Cənubi Amerikada təcrübəmiz var. Hesab edirəm ki, illərlə topladığımız təcrübə bu sahədə müxtəlif növ əməkdaşlığın formalaşması üçün bizi yaxşı mövqeyə yüksəldəcək.

- Yaxın illərdə Azərbaycanda yeni gəmiqayırma zavodu tikiləcək. Şirkətin bu layihədə iştirak etmək niyyəti varmı?

- Əlbəttə, mən buna ümid edirəm. Biz Azərbaycanda gəmiqayırma sahəsində xidmətlərimizin tam spektrini genişləndiririk. Biz gəmilərin layihələşdirilməsi, avadanlıqların yığılması, eləcə də gəmiqayırma zavodlarının texniki ekspertiza ilə təmin olunması sahəsində respublika ilə birgə işləmək istəyirik.

- Şirkət Azərbaycanda dənizdə və quruda neft-qaz layihələri çərçivəsində öz avadanlığının gətirilməsində nə dərəcədə maraqlıdır? Bu istiqamətdə hansı işlər aparılır?

- Azərbaycanda neft-qaz sektorunda dəniz və quru layihələrində çoxlu imkanlar var. Məsələn, biz ARDNŞ ilə müzakirələr aparırıq və bu o sahədir ki, biz orada çox böyuk imkanlar görürük.

- 2008-ci ildə şirkət Azərbaycanda servis mərkəzi açıb. Bu müəssisənin işi nə dərəcədə müvəffəqiyyətlidir? Ona nə dərəcədə tələbat var?

- Bakıda servis mərkəzləri bizdə 10 ildən çoxdur mövcuddur. 2008-ci ildə biz yeni servis mərkəzi açmışıq. Dediyim kimi, bu, bütün Xəzər regionunda ən yaxşı servis mərkəzidir. Biz onu inkişaf etdiririk ki, tam xidmət spektrinə malik servis mərkəzinə çevrilsin. Bu isə bizim müştərilərimiz üçün görülən işdir. Bu, bölgədə bizim imicimizi artırır.

- Bu gün dünyada energetika sahəsində fəaliyyətin perspektivli istiqamətlərindən biri alternativ və bərpa olunan enerji mənbələrinin inkişafıdır. Şirkətin bu sahədə hansısa perspektivli işləri varmı? Və Azərbaycan bazarı bu aspektdən onun üçün nə dərəcədə maraqlıdır?

- Biz tez-tez deyirik ki, bərpa olunan enerji mənbələrini inkişaf etdirməyi bacaranlardanıq. Biz ölkələrə bərpa olunan enerji mənbələrini öz eneji siyahısına daxil etmək imkanı veririk. Bərpa olunan enerji mənbələri öz təbiətinə görə daimi deyil. Misal üçün, külək həmişə əsmir, günəş daima işıq saçmır, biokütləni həmişə almaq olmur. Və bu zaman elə bir şey lazımdır ki, o, elektrik enerjisinin istehsalı gücünu tarazlıqda saxlasın. Yüklənmə və dayandırılma zamanı normal işləyən avadanlığa ehtiyac var.Biz bu məsələdə son dərəcə maraqlıyıq və Azərbaycanın Sənaye və Energetika Nazirliyi ilə bu mövzuda məsləhətləşmələr aparmışıq. Bərpa olunan enerji mənbələri bizim, Azərbaycanda müzakirələrində iştirak etdiyimiz sahələrdən biridir.

Digər sahə - bioloji maye yanacaqdır. Yanacaq qismində neft məhsullarını işlədən müəssisələr həmçinin bitki yağı və heyvan piyini də işlədə bilərlər. Bu sfera da ölkə üçün çox şey vəd edə bilər. Bu sahə ilə bağlı müzakirələr hələ ki ilkin mərhələdədir. Amma gələcəyə doğru baxmaq daha məqsədəuyğundur.

- Mayın axırında "Wartsila" "Transmaşholdinq" şirkəti ilə Rusiyada dizel mühərrikləri istehsalı edən müştərək müəssisənin yaradılmasına dair razılaşma imzalayıb. Bu layihənin hansı perspektivləri var? İstehsal edilən məhsul yalnız Rusiyada satılacaqmı? Yoxsa məhsul ölkə xaricinə də çıxarıla bilər?

- Müştərək müəssisənin yaradılmasına dair razılaşma keçən ay imzalanıb. Müştərək müəssisənin işə başlaması üçün vaxt tələb olunacaq. Bizim məqsədimiz bu layihədən nəticə almaqdır. Sonra isə digər bazarlara nəzər yetirmək olar.

- Siz qlobal maliyyə-iqtisadi böhranı şəraitində biznesiniz sahəsində indiki vəziyyəti necə qiymətləndirirsiniz? Böhran ümumilikdə "Wartsila"nın fəaliyyətinə, o cümlədən şirkətin Azərbaycanda həyata keçirdiyi layihələrə təsir göstəribmi?

- Əlbəttə ki, maliyyə böhranı bizim biznesə təsirini göstərib. Dəniz sektorunda maliyyə böhranı zamanı gəmiqayırma sahəsində yeni sifarişlər üzrə fəaliyyət əhəmiyyətli dərəcədə azalıb. Bu, bizim yeni avadanlığa olan sifarişlərimizə təsir göstərib.

Elektrik enerjisi istehsalı sektorunda böhran biznesimizə daha az təsir göstərib. Dünyada enerjiyə olan tələbat son dərəcə yüksək olaraq qalır. Bəli, bir sıra maliyyə məsələlərinə görə sifarişlərimiz azalıb. Amma biz bu bazara hətta maliyyə böhranı zamanı böyük optimizmlə baxırıq.

Böhran Azərbaycanda biznesimizə demək olar ki, təsir etməyib. Mən düşünürəm ki, sizin iqtisadiyyatınız çox güclü olub və böhrana tab gətirə bilib.

Xəbər lenti

Xəbər lenti