...

Azərbaycanın enerji operatoru fəlakət zonasında enerji təchizatı sisteminin qaydaya salınması üzrə işlər görür

Energetika Materials 21 İyun 2010 20:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir H.Vəliyev/

"Azərenerji" Səhmdar Cəmiyyəti aprel-may aylarında baş verən daşqın və sellər nəticəsində itkilərin, dəymiş zərərin həcminin müəyyənləşdirilməsi üzrə işlər görür. Bu barədə SC-nin məlumatında deyilir.

Hazırda qarşıda duran vəzifə təbii fəlakət zonasında enerji təchizatı sistemini sahmana salmaq, ötürücü və paylayıcı şəbəkələrin yenidən qurulmasını təmin etməkdir.

Kür çayının Sabirabad rayonunun Bayramlı qəsəbəsindən keçən hissəsində bəndin dağılması nəticəsində yaranan sel suları həmin ərazilərdə yerləşən elektrik energetikası təsərrüfatına böyük zərər vurub. Sel və daşqınların böyük bir hissəsi "Şirvan Yüksək Gərginlikli Elektrik Şəbəkəsi"nin xidməti ərazisindən keçdiyi üçün şəbəkənin enerji təsərrüfatına da ciddi ziyan dəyib.

Sabirabad rayonunun Çarğan və Azadkənd kəndlərini su basması nəticəsində bir sıra yüksək gərginlikli elektrik verilişi xətləri, 110 kV-lik "Sabirabad", "Salyan", 330 kV-lik "Şirvan" EVX-lərin bəzi dayaqları təhlükəyə məruz qalıb.

Həmin xətlərin dayaqları suyun içərisində olsa da, elektrik verilişi dayandırılmayıb. Yalnız 710 saylı 35 kilovoltluq xətdən su basmış hissələrə enerji verilişi müvəqqəti dayandırılıb. Təbii fəlakətə məruz qalmayan ərazilərdə enerji təchizatının dayanıqlığı təmin edilib.

Hacıqabul rayonunun Meyniman kəndi istiqamətində bəndin yarılması nəticəsində kəndin bir tərəfində 30-a qədər ev və Xiləmirzə kəndi qısa müddətdə işıqsız qalıb. İndi bu yaşayış məntəqələrində əhali elektrik enerjisindən fasiləsiz istifadə edir. Ümumiyyətlə, hazırda Hacıqabul rayonunda abonentlərin elektrik enerjisi ilə təchizatında heç bir problem yoxdur.

Sabirabad rayonunda hələ suyun tam çəkilib qurtarmadığı və əhalinin yaşamadığı kəndlərə elektrik enerjisi verilmir. Qeyd edək ki, sakinlər evlərinə qayıtdıqca elektrik təsərrüfatına baxış keçirilir, hər bir abonentin fərdi qaydada enerji təchizatı bərpa olunur.

Elektrik enerjisinin verilməsi yalnız əhalinin yaşamadığı yerlərdə dayandırılıb, ki, oralarda hələ də su var. Əhali qayıtdıqca 330 kV-lik "Şirvan" və 220 kV-lik "Azərbaycan İES" - "Masallı" EVX-lərin bəzi dayaqlarına baxış keçirilir. Həmin xətlər hazırda gərginlik altındadır. Yaşayış məntəqələrindən su çəkildikcə 10 və 6 kV-lik xətlər də təmir olunaraq yararlı vəziyyətə gətiriləcək.

Xəbər lenti

Xəbər lenti