E.İsmayılov, Trend-in icmalçısı
Qaz tədarükünün marşrutlarının çoxvariantlılığı Azərbaycana yanacağın müxtəlif istiqamətlərdə satışını genişləndirməyə və asılılığı bir istiqamətdən azaldaraq, yeni enerji resursları üzrə rəqabətli mübarizə şəraitində ölkənin enerji təhlükəsizliyini təmin etməyə imkan verir.
Qaz tədarükünün diversifikasiyası Azərbaycanın enerji siyasətinin bir hissəsini təşkil edir və bu prosesdə mühüm yeri İran istiqaməti tutur.
Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) İran tərəfi ilə uzunmüddətli sazişə nail olmaq üçün işlər görür. Lakin hətta böyükhəcmli qaz tədarükü istəyi olsa belə (İran tərəfi 5 milyard kubmetrədək Azərbaycan qazı almaq qabiliyyətində olduğunu bəyan edib), zəruri infrastrukturun olmaması qarşıya qoyulan məqsədlərə çatmaq imkanı vermir. İki ölkə arasında qaz kəmər infrastrukturunun texniki vəziyyəti hazırda cənub istiqamətində böyük həcmdə qaz nəql etməyə imkan vermir. Hazırda İrana qaz tədarükünün artırılması üçün ARDNŞ Astaradakı qaz-kompressor stansiyasının gücünün genişləndirilməsi üzrə işlər aparır. Azərbaycandan İrana gedən qaz kəmərində də təmir-bərpa işləri aparılacaq. Payıza planlaşdırılan bu işlər başa çatdıqdan sonra, uzunmüddətli qaz tədarükü ilə müqavilənin bağlanması və qaz həcminin sutkada hazırkı 1,2 milyon kubmetrdən 3-3,5 milyon kubmetrdədək artırılması nəzərdə tutulub. Lakin təxminən, 40 il əvvəl tikilən mövcud qaz kəməri xəttinin təmir-bərpa edilməsi tədarükə tam təminat vermir və ixrac həcmini istənilən göstəriciyə çatdırmağa şərait yaratmır. Tamhəcmli tədarükün təmin edilməsi üçün yeni sistemlərin yaradılması labüddür.
Ölkənin qazbölüşdürücü və qaz nəqli sisteminin modernləşdirilməsinə xüsusi diqqət yetirən ARDNŞ bu prosesə xeyli sərmayənin yatırılmasını planlaşdırıb. 2010-2013-cü illər üçün qaz təsərrüfatının inkişafı üzrə xüsusi proqram hazırlanıb. Onun müddəalarından biri uzunluğu 360 km olan Qalmaz-Astara yeni qaz kəmərinin tikintisidir. Şirkətin mütəxəssisləri qaz kəmərinin texniki-iqtisadi əsasının hazırlanması üzrə işə başlayıblar. Qalmaz-Astara yeni qaz kəmərinin tikintisindən sonra, İrana Azərbaycan qazının əsas ixrac həcminin yeni qaz kəməri ilə nəqli istisna edilmir.
Hazırda Azərbaycan İrana Naxçıvan MR-i təmin etmək üçün mübadilə şərtləri ilə (svop) sutkada 1-1,2 milyon kubmetr qaz ixrac edir.
Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr - 296,5 kilometri Azərbaycan ərazisində yerləşən "Qazıməmməd-Bind-Biand" qaz kəməri əlaqələndirir. Boru kəmərinin layihə üzrə ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edib. Marşrut 1971-ci ildə istismara verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur. Bu istiqamətində üç kompressor stansiyası - Qazıməmməd, Ağdaş və Qazax stansiyaları tikilib. Qaz nəqliyyatı sistemi 55 atmosfer təzyiqi gücündə nəzərdə tutulub. Boru kəmərinin diametri 1 200 millimetrdir.
Artıq İqdır (Türkiyə) - Sədərək (NMR) qaz kəmərinin texniki-iqtisadi əsasının hazırlanması başa çatdırılıb. Muxtar Respublikanın qazla tədarükünün yaxşılaşdırılması məqsədilə şirkət qaz saxlanclarının tikintisini də planlaşdırıb.
ARDNŞ bu məqsədlə Türkiyədən Naxçıvana yeni qaz kəmərinin tikintisini planlaşdırır. Uzunluğu 180 kilometr olan İqdır- Sədərək qaz kəmərinin texniki-iqtisadi əsaslanma hazırlığı artıq başa çatıb. Muxtar Respublikanın qazla təminatını yaxşılaşdırmaq məqsədilə şirkət, həmçinin, qaz anbarının tikintisini planlaşdırır.
Hal-hazırda Türkiyə Azərbaycanın qaz ixrac etdiyi əsas ölkələrdən biridir. "Şahdəniz" qaz-kondensat yatağında hasil olunan qaz Cənubi Qafqaz qaz kəməri üzrə Türkiyəyə nəql olunur.
Türkiyə ərazisində qaz ehtiyatları olan Azərbaycan onun Naxçıvana nəqlini ya doldurma (swap) şəraitində, ya da Türkiyənin daxili qaz nəqliyyatı şəbəkəsi ilə həyata keçirə bilər. Bu gün Azərbaycan iyunun əvvəlində Türkiyə ilə imzaladığı sazişə əsasən, qazının bu ölkə ərazisi vasitəsilə nəqli imkanlarına malikdir.Türk mənbələrinin verdiyi məlumata görə, Azərbaycan qazının Naxçıvana Türkiyənin ərazisi vasitəsilə nəqli məsələsi iyunda imzalanmış qaz məsələləri paketi üzrə sazişin bir hissəsi olub. Türkiyədən NMR-ə yeni qaz kəmərinin inşası muxtar respublikanın enerji təhlükəsizliyini təmin etməyə və qaz nəqlinin istiqamətlərini diversifikasiyalaşdırmağa imkan verəcək.