...

"Azərikimya" İB-nin "Etilen-polietilen" zavodunun 14-cü sexində əsaslı təmir işləri davam etdirilir

Energetika Materials 27 İyul 2010 18:47 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində əsaslı təmir işləri yüksək templə həyata keçirilir.
"Azərikimya" İB-nin "Etilen-polietilen" zavodunun 14-cü sexində əsaslı təmir işləri davam etdirilir

Azərbaycan, Bakı, 27 iyul /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində əsaslı təmir işləri yüksək templə həyata keçirilir.

Birliyin "Etilen-polietilen" zavodunun EP-300 kompleksinin 11 №-li sexinin 2000 atmosferə qədər təzyiq altında işləyən 9 kompressorunun və digər köməkçi avadanlıqların yerləşdiyi sahədə işlər daha sürətlə davam etdirilir. A-171, B-171 və B-152 markalı kompressorların 12 hidroblokundan artıq 6-sı "Azərikimya" İB-nin Mexaniki-təmir zavodunda təmir olunaraq sazlanıb və quraşdırılıb. Hazırda digər kompressorların dirsəkli vallarının cilalanması, şatun və özül yastıqlarının vala uyğunlaşdırılması üzrə mühəndis-texniki işlər aparılır. Eyni zamanda, daha iki aqreqatın - A-103 və B-103 büster kompressorlarının dirsəkli valları, şatun və özül yastıqlarının yeniləri ilə əvəz olunması işi davam etdirilir.

İşlərin uğurlu və keyfiyyətlə aparılması məqsədi ilə sexin 70-dən artıq işçisi ilə yanaşı, Birliyin digər müəssisələrindən - "Səthi aktiv maddələr", "Sintezkauçuk" və "Üzvi sintez" zavodlarından 30-dan artıq mütəxəssis də buradakı təmir proseslərinə cəlb olunublar. Sexin, demək olar, bütün sahələrində kompressor klapanlarının, hidroporşen və silindrlərin, digər mexanizm və qovşaqların, qaz soyuducu və filtrləri də daxil olmaqla, müxtəlif hissələrin təmizlənməsi və yığılması üzrə də ardıcıl işlər aparılmaqdadır.

Təmirin başa çatdırılması ilə əvvəllər müşahidə olunan boşdayanmaların aradan qaldırılmasına, enerjidaşıyıcıları və xammal itkisinin qarşısının alınmasına imkan yaranacaq. Bununla da həm hazır məhsulun çıxımı yüksələcək, həm də atmosferə atılan zəhərli və zərərli qaz tullantılarının qarşısı müəyyən qədər alınacaq.

Xəbər lenti

Xəbər lenti