...

Bakıda AGRI qaz kəməri layihəsi çərçivəsində nazirlərin görüşü başlayıb (ƏLAVƏ OLUNUB)(FOTO)

Energetika Materials 13 Sentyabr 2010 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir E.İsmayılov/

Bakıda AGRI (Azerbaijan, Georgia, Romania İnterconnector) qaz kəməri layihəsi çərçivəsində nazirlərin görüşü başlanıb. Görüşdə Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev, Rumıniya iqtisadiyyat, ticarət və biznes mühiti naziri İon Ariton və Gürcüstan energetika naziri Aleksandr Hetaquri iştirak edirlər.

"Azərbaycan maye qazının Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəqli enerji ehtiyatlarının Avropa İttifaqına nəqlini şaxələndirmək və enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək. AGRI layihəsi yüksək sürətlə inkişaf edir", - Ariton deyib.

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, bir neçə ay ərzində tərəflər layihənin inkişafı üzrə öz təkliflərini irəli sürüblər və müntəzəm olaraq müzakirələr aparıblar, yekunda isə bəyannamə imzalanacaq. Layihə bilavasitə layihə və investisiya axtarışları ilə məşğul olacaq birgə üçtərəfli müəssisənin yaradılmasını nəzərdə tutur.

Gürcüstanın energetika naziri Aleksandr Hetaquri layihənin inkişafını iki mərhələyə ayırıb. Birinci - texniki-iqtisadi əsasların hazırlığı, ikinci - maliyyələşdirmə. Görüş zamanı tərəflər Aİ-nin bu layihəni maliyyələşdirməsinə ümid bəslədiklərini bildiriblər.

Sabah Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya rəhbərlərinin görüşünün keçirilməsi gözlənilir ki, bu görüşün yekunlarına əsasən, AGRI layihəsi üzrə Bakı bəyannaməsi imzalanacaq.

Rumıniyanın iqtisadiyyat nazirinin sözlərinə görə, bu bəyannamənin imzalanması "tarixi an" hesab olunur.

AGRI - Azərbaycan-Gürcüstan-Rumıniya maye qazının Avropaya nəqli üzrə layihəsidir.

Mayın 12-də Azərbaycan, Rumıniya və Gürcüstan Tbilisidə bu layihənin gerçəkləşməsi üzrə birgə müəssisənin yaradılması barədə protokol imzalayıblar. Birgə müəssisə mövcud layihənin icraçısı kimi çıxış edəcək, podratçı şirkətin seçilməsi və maliyyələşdirmənin cəlb edilməsi üzrə tenderin elan olunması üçün bütün lazımi tədbirləri həyata keçirəcək.

Aprelin 13-də tərəflər "Maye qaz və onun nəqli sahəsində əməkdaşlıq haqqında" memorandum imzalayıblar.

Azərbaycan maye qazının Rumıniyaya nəqli layihəsi maye qaz üçün iki terminalın inşasını - Gürcüstan və Rumıniyaya nəzərdə tutur. İlkin məlumatlara görə, layihənin dəyəri 4-6 milyard avro təşkil edir.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək tankerlərlə Rumıniyanın Konstant limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Xəbər lenti

Xəbər lenti