...

"Nabukko" qaz kəməri layihəsi Türkmənistandakı "Şərq-Qərb" qaz kəməri layihəsi ilə əlaqəlidir – Qurbanqulu Berdiməhəmmədov

Energetika Materials 16 Sentyabr 2010 17:00 (UTC +04:00)
Türkmənistan ərazisindəki "Şərq-Qərb" qaz kəməri layihəsi Avropaya qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsinə yönəlmiş "Nabukko" qaz kəməri layihəsi ilə əlaqəlidir.
"Nabukko" qaz kəməri layihəsi Türkmənistandakı "Şərq-Qərb" qaz kəməri layihəsi ilə əlaqəlidir – Qurbanqulu Berdiməhəmmədov

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbirlər R.Hafizoğlu, E.İsmayılov/

Türkmənistan ərazisindəki "Şərq-Qərb" qaz kəməri layihəsi Avropaya qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsinə yönəlmiş "Nabukko" qaz kəməri layihəsi ilə əlaqəlidir. Bu barədə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısının yekunları üzrə mətbuat konfransında bəyan edib.

"Hazırda bizdə "Şərq-Qərb" qaz kəməri inşa edilir və bu qaz kəməri Xəzər dənizinin sahillərinədək uzanacaq. Bu layihə ilə əlaqəli olan "Nabukko" layihəsi də var", - Türkmənistan Prezidenti bildirib.

Bu yaxınlarda Türkmənistanda ölkə ərazisi ilə 1000 kilometr məsafədə uzanan nəhəng "Şərq-Qərb" magistral qaz kəmərinin tikintisinə start verilib. Bu qaz kəmərinin buraxılış qabiliyyəti ildə 30 milyard kubmetr qaz təşkil edir, onun təxmini dəyəri isə iki milyard dollardır.

Layihənin əsas məqsədi Türkmənistanda vahid qaz təchizatı sisteminin yaradılması və türkmən qazının beynəlxalq bazarlara tədarükünün şaxələndirilməsidir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək.

"Nabukko" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Gürcüstan, eləcə də Türkiyə ilə İraq arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

"Nabukko" qaz kəmərinin uzunluğu 2730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti