...

Oktyabrda Azərbaycandan 400 min tondan çox Qazaxıstan nefti nəql olunacaq

Energetika Materials 7 Oktyabr 2010 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir E.İsmayılov/

Oktyabrda Azərbaycandan "Tengiz" yatağından hasil olunan 400 min tondan çox Qazaxıstan nefti nəql olunacaq. Bu barədə cümə axşamı ARDNŞ-nin yüksək vəzifəli nümayəndəsi deyib.

Azərbaycan ərazisi vasitəsilə nəql olunan Tengiz nefti ARDNŞ-nin Kulevi neft terminalına və "QazMunayQaz" şirkətinin Batumi limanındakı terminalına göndərilir. "Tengiz" yatağından olan neft bu terminallar arasında bərabər bölünür.

ARDNŞ nümayəndəsinin dediyinə görə, bu ay Azərbaycan ərazisi vasitəsilə 420 min tona yaxın Tengiz nefti nəql olunacaq. O, göstərilən terminallar arasında 50X50 sxemi üzrə bölüşdürüləcək.

Tengiz neftinin həcmi, eləcə də neft və neft məhsullarının digər tranzit həcmləri və ARDNŞ-nin həcmləri oktyabr-noyabrda Kulevi terminalının aylıq göndərişini 400 min tonadək çatdırmağa imkan verəcək.

Sentyabrda Kulevi terminalından 347 min ton neft və neft məhsulları yüklənilib.

Cari ilin iyulundan terminal "Tengiz" yatağından hasil olunan Qazaxıstan neftinin ötürülməsinə başlayıb.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin boşaldılıb-yüklənməsinin ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsü nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman-dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sistern boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti