...

Azərbaycan Odessa-Brodı neft kəməri layihəsində iştiraka hazırdır - Prezident İlham Əliyev

Energetika Materials 27 Oktyabr 2010 15:05 (UTC +04:00)
Azərbaycan Odessa-Brodı neft kəməri layihəsində iştiraka hazırdır, belə ki, respublika enerji ixracının şaxələndirilməsi üzrə işləri davam etdirmək niyyətindədir.
Azərbaycan Odessa-Brodı neft kəməri layihəsində iştiraka hazırdır - Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan Odessa-Brodı neft kəməri layihəsində iştiraka hazırdır, belə ki, respublika enerji ixracının şaxələndirilməsi üzrə işləri davam etdirmək niyyətindədir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfəri ərəfəsində bir sıra Ukrayna KİV-lərinə müsahibəsində bildirib.

"Biz öz tərəfimizdən bu layihədə iştirak etməyə hazırıq, çünki istər neft, istərsə də qaz olsun, enerji resurslarının ixracının şaxələndirilməsi məsələləri üzərində fəal çalışırıq. Və əlbəttə ki, Ukrayna tərəfinin istəyi ilə bu məsələlər daha effektiv və tez həll oluna bilər", - İlham Əliyev deyib. Bu barədə Ukraynanın "Den" ("Gün") qəzeti yazır.

Dövlət başçısının sözlərinə görə, artıq müəyyən məsələlər həll olunub. "Sarmatiya" şirkəti yaradılıb, texniki-iqtisadi araşdırmalar keçirilib və Azərbaycan nefti Ukrayna zavodlarına tədarük olunur. Ona görə də buna yeni təkan vermək üçün hələ ki dağınıq olan bu layihələri sistemləşdirmək lazımdır, hər şeyi bir daha ətraflı müzakirə etmək və müəyyən qərarlar qəbul etmək lazımdır.

Prezident bildirib ki, Azərbaycanın bütün neft ixracı potensialı müxtəlif boru kəmərləri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa və Bakı-Novorossiysk vasitəsilə həyata keçirilir.

"Daha doğrusu, ixrac etdiyimiz bütün neft bu boru kəmərləri vasitəsilə satılır. Belə olan halda, bu gün bizdə satılmaq üçün yer tapılmayan hansısa əlavə həcmlərin olduğunu demək olmaz. Və əgər biz bu gün hasilatı artırsaq, biz bunu etmək fikrindəyik, bu boru kəmərlərinin mövcud imkanları bizə üç istiqamətdə onlarla neft nəql etməyə imkan verir", - İlham Əliyev deyib.

Dövət başçısının dediyi kimi, Azərbaycanı Ukrayna ilə boru kəmərləri əlaqələndirmir, ona görə də bu gün respublikadan Ukraynanın neft emalı zavodlarına neft ümumiyyətlə yaxın olmayan Ceyhandan daxil olur. Əgər neft Qara dəniz limanlarından daxil olarsa, layihə daha çox iqtisadi səmərə verər. Ona görə də iqtisadi aspekti daha ciddi hesablamaq lazımdır.

"Siyasi dəstək baxımından, Azərbaycan tərəfdən bu da var", - Azərbaycan Prezidenti bildirib.

"Vaxt var idi ki, bəzi KİV-lərdə bizim neft resurslarımızla bağlı məsələlər fəal müzakirə olunurdu və deyilirdi ki, Azərbaycanda neft yoxdur və Bakı-Tbilisi-Ceyhan neft kəməri heç vaxt tikilməyəcək, çünki üçüncü ölkənin nefti olmadan o tam gücü ilə işləyə bilməz. Biz əlbəttə o zaman anladıq ki, bu, həqiqətə uyğun deyil və bu gün Xəzərin resurslarını Aralıq dənizi sahillərindən dünya bazarları ilə birləşdirən yeganə enerji dəhlizi olan kəməri tikdik. Və bu gün Azərbaycanın neft ehtiyatları bu boru kəmərinin imkanlarından tam həcmdə istifadə etməyə imkan verir. Biz onu tikməyə başlayanda Azərbaycanda neft hasilatının səviyyəsi haradasa təxminən 15-16 milyon ton idi. Bu gün Azərbaycanda 50 milyon tondan artıq neft hasil olunur", - Azərbaycan qazının Avropa bazarlarına satışı məsələsinə toxunan dövlət başçısı bildirib.

İlham Əliyevin dediyi kimi, etibarlı ixrac yollarının mövcudluğu neft-qaz sahəsində investisiyaları da qabaqcadan müəyyən edir. Ölkənin bugünkü qaz ehtiyatları da, sifariş xarakterli yazılara baxmayaraq, respublikaya özünü inamlı hiss etməyə imkan verir.

"Demək lazımdır ki, Azərbaycanın sübut olunmuş qaz ehtiyatları iki trilyon kubmetr təşkil edir. Geoloqlarımızın proqnozlarına görə, real ehtiyatlar isə beş trilyon kubmetrə yaxındır. Bu, bizə onilliklər, hətta yüz ildən artıq bir dövr ərzində böyük həcmdə qaz ixrac etməyə imkan verəcək", - dövlət başçısı qeyd edib.

Azərbaycanda hasilatın bugünkü səviyyəsi 30 milyard kubmetrə yaxın təşkil edir. Daxili tələbat təxminən 10-11 milyard kubmetrdir. Respublika qısa müddət ərzində qaz hasilatını 40 yaxud 50 milyard kubmetrə çatdıra bilər. "Lakin bunun üçün müqavilələr lazımdır, - Azərbaycan Prezidenti bildirib. - Ona görə də, əlbəttə ki, qarşılıqlı maraq olarsa, ölkələrimiz arasında bu sahədə (bu məsələ bundan əvvəlki illərdə heç vaxt ciddi müzakirə olunmayıb) əməkdaşlığa baxacağıq".

Dövlət başçısı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ukraynada neft məhsullarının pərakəndə satışında və öz brendi altında yanacaqdoldurma məntəqələrinin açılışında iştirakını bəyənib.

"Mən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin artıq bu sahəyə investisiya yatırmasına şadam. Və şirkətimiz öz fəaliyyətini təkcə Odessada deyil, Ukraynanın digər şəhərlərində də genişləndirməyi planlaşdırır. Təbii ki, bu sahədə əməkdaşlığımızın gələcək inkişafı layihənin nə dərəcədə uğurla həyata keçiriləcəyindən asılıdır. Hesab edirəm ki, bu sahənin bizim münasibətlərimizdə yaxşı perspektivləri var. Düşünürəm ki, burada hər şey öz qaydasındadır", - Azərbaycan Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti