Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir E.İsmayılov/
RED. əlav.: ehtiyatlar və görülən işlərlə bağlı məlumat əlavə olunub
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorunda böyük qaz yatağı "Ümid"in açıldığını bəyan edib. Bu barədə çərşənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanın müstəqilliyi illərində "Şahdəniz"dən sonra açılan ikinci böyük qaz yatağıdır.
"İkinci qaz-kondensat yatağı "Ümid"in açılmasına gətirib çıxaran ilk kəşfiyyat quyusunun nəticələrinə görə, karbohidrogenlərin ehtiyatı ən azı 200 milyard kubmetr qaz və 30 milyon ton qaz-kondensat qiymətləndirilir", - Abdullayev qeyd edib.
Onun sözlərinə görə, bu yataqda karbohidrogen ehtiyatları daha çox ola bilər ki, bu da ikinci kəşfiyyat quyusunun qazılması nəticəsində müəyyən ediləcək.
Abdullayev onu da qeyd edib ki, artıq ARDNŞ yatağın genişmiqyaslı işlənməsi proqramının hazırlanması üzrə işlərə başlayıb.
"Üzən qurğulardan aparılan qazma ilə müqayisədə yataqda kəşfiyyat qazması məhz stasionar platformadan görülən işlərin dəyərini iki dəfə azaldıb", - ARDNŞ rəhbəri bildirib.
Bu, görülən işlərin müddətinə də təsir göstərib. Üzən qazma qurğusundan qazmaya və gələcək stasionar platformanın tikintisinə yeddi il lazım olduğu halda, bilavasitə platformadan aparılan qazmaya iki ildən bir az çox vaxt lazım olub.
Abdullayev yatağın geoloji mürəkkəbliyini də qeyd edib.
Xəzərin Azərbaycan sektorundakı "Ümid" perspektiv dəniz strukturunda kəşfiyyat quyusunun layihə dərinliyi 6500 metrdir. Kəşfiyyat qazması ARDNŞ-nin şəxsi vəsaitləri hesabına həyata keçirilib.
Ötən əsrin 80-90-cı illərinin əvvəllərində strukturda kəşfiyyat qazması həyata keçirilib. Üzən qazma qurğusu vasitəsilə 9 quyu qazılıb.
Kəşfiyyat quyusunun qazılması ARDNŞ tərəfindən "Ümid-1" platformasında aparılıb.