...

Azərbaycan Ukraynaya ildə 5 milyard kubmetrə yaxın maye qaz tədarük etmək niyyətindədir - nazir

Energetika Materials 26 Noyabr 2010 18:55 (UTC +04:00)
Azərbaycan Ukraynaya ildə 5 milyard kubmetrə yaxın maye qaz tədarük edə bilər. Bu barədə jurnalistlərə Ukraynada Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.
Azərbaycan Ukraynaya ildə 5 milyard kubmetrə yaxın maye qaz tədarük etmək niyyətindədir - nazir

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycan Ukraynaya ildə 5 milyard kubmetrə yaxın maye qaz tədarük edə bilər. Bu barədə jurnalistlərə Ukraynada Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib. Məlumatı RBK-Ukrayna yayıb.

"Bizim yaxın planlarımız maye qazdır... Hesab edirik ki, Azərbaycan Ukraynaya ildə beş milyard kubmetrə yaxın maye qaz tədarük edə bilər", - Əliyev bildirib.

O qeyd edib ki, Ukraynaya xam neftin tədarükünün artırılması da planlaşdırılır.

"Neft nəqli dəhlizinin həcminin artırılmasının ilkin proqnozları ildə beş milyon tona qədərdir. Biz Ukraynaya ildə beş milyon tona yaxın neft tədarük edəcəyik və Ukrayna bu həcmi qəbul etməyə hazır olduğunu bildirməlidir", - Əliyev vurğulayıb.

Onun sözlərinə görə, söhbət Ukraynanın neft emalı zavodlarında xam neftin və neft məhsullarının emalından gedir.

Bu razılaşmalar iki dövlət rəhbərinin görüşünün yekunları üzrə hazırlanıb.

"Hər iki sənəd ölkələrimizin hökumətlərində ilkin qiymətləndirmədən keçib", - Əliyev əlavə edib. Onun sözlərinə görə, indi sazişin formal məqamları həll edilir.

Ukrayna Azərbaycanın maye qazının Gürcüstan-Qara dəniz vasitəsilə Rumıniya və Mərkəzi Avropanın digər ölkələrinə nəqlini nəzərdə tutan "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsinə qoşula bilər. Məsələn, Ukrayna tərəfi maye qaz üçün Odessada terminal tikmək niyyətindədir.

AGRI layihəsinin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq, onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dəyişir.

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstansa limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, ölkə ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Xəbər lenti

Xəbər lenti