...

ARDNŞ-nin Kulevi neft terminalı noyabrda neft yüklərinin qəbulunu artırıb

Energetika Materials 3 Dekabr 2010 10:54 (UTC +04:00)

Аzərbaycan, Bakı, 3 dekabr /Trend/

Cari ilin noyabr ayında ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi Qara dəniz neft terminalı oktyabrdakı 339 548 tona qarşı 342 622 ton neft yükləri qəbul edib. Bu barədə cümə axşamı ARDNŞ-dən verilən məlumatda deyilir.

Məlumatda bildirildiyi kimi, noyabrda neft terminalı oktyabrdakı 310 174 tona qarşı 303 266 ton neft və neft məhsulları göndərib.

Bu ilin iyulundan terminal Qazaxıstanın "Tengiz" yatağından hasil olunan qazax neftinin daşınmasına başlayıb. İndiyədək terminal yalnız neft məhsullarının daşınması ilə məşğul olurdu.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Məhsuldarlıq saatda 1000-dən 8000 kubmetrədək neft doldurulması təşkil edir. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.

Xəbər lenti

Xəbər lenti