Azərbaycan, Bakı, 14 dekabr /Trend/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Kulevi neft terminalı qısa müddətdə "Şevron" şirkətinə məxsus 100 min tonluq xam neft daşıyan gəminin yüklənməsini həyata keçirib. Bu barədə çərşənbə axşamı ARDNŞ-dən məlumat verilib.
Məlumatda deyildiyi kimi, gəminin yüklənməsi 18 saat 45 dəqiqə ərzində başa çatıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, regionda yerləşən digər terminallarda bu kimi əməliyyatların yerinə yetirilməsi üçün azı 34 saat vaxt sərf olunur.
Bu ilin iyulundan terminal "Tengiz" yatağından Qazaxıstan neftinin daşınmasına başlayıb. Bu dövrə qədər terminal neft məhsullarının yüklənməsi ilə məşğul olub.
Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.
Neft əməliyyatları üçün terminalda neft məhsullarının 100 min tonadək yükgötürmə qabiliyyətinə malik tankerə doldurulması üçün iki yanalma körpüsünün tikintisi nəzərdə tutulub. Müəssisədə liman, dəmiryol stansiyası da var ki, burada eyni vaxtda yükün boşaldılmasını gözləyən 180 vaqon-sistern yerləşdirmək mümkündür. Dəmiryol estakadalarında eyni vaxtda 168 vaqon-sisternin boşaldılması mümkündür.