Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.İsmayılov/
Dekabrın 16-na olan məlumata görə, Xəzərin Azərbaycanın sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə operator olan ВР şirkəti bu il neft hasilatı proqnozunu 0,4 milyon ton artırıb. Bu barədə ВР-nin məlumatında deyilir.
ВР-dən deyildiyi kimi, dekabrın 16-na olan məlumata görə, AÇG-dən bu ilə proqnozlaşdırılan 42,1 milyon tona nisbətdə 42,5 milyon ton neft hasil edilib. Ötən il AÇG-dən 40,3 milyon ton neft hasil edilmişdi.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasilatın pay bölgüsü barədə saziş 1994-cü ildə imzalanıb. Müqavilə sahəsinin 30 il ərzində işlənməsi nəzərdə tutulur. "Çıraq" yatağında hasilat 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ilin əvvəlində, "Qərbi Azəri"də 2006-cı ilin əvvəlində, "Şərqi Azəri"də 2006-cı ilin sonunda, "Günəşli" yatağının dərin sulu hissəsində isə 2008-ci ilin yazında başlanıb.
"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator - 34,43 faiz iştirak payı), "ChevronTexaco" (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), "Statoyl" (8,56 faiz), "ExxonMobil" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz).