...

"SOCAR Cape" "Chirag oil project" çərçivəsində texniki dəstək göstərir

Energetika Materials 11 Yanvar 2011 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.İsmayılov/

"Chirag oil project" çərçivəsində platformaların yuxarı tikilisinin hazırlanması üzrə xidmətlərin göstərilməsilə bağlı "Amec-Tekfen-Azfen" (ATA) alyansı tərəfindən imzalanan müqavilə çərçivəsində "SOCAR Cape" birgə müəssisəsi göstərilən layihə üzrə aparılan tikinti işlərinə texniki dəstək həyata keçirir. Bu barədə çərşənbə axşamı neft-qaz sektorundakı mənbə məlumat verib.

Onun sözlərinə görə, "SOCAR Cape" həmçinin böyük yüksəklikdə və əlçatmaz yerlərdə quraşdırma və montaj işlərinin görülməsi üçün vacib olan tikinti səkilərinin qurulması ilə də məşğul olur.

"Birgə müəssisə ATA-ya yeni platformalar üçün yuxarı tikililərin inşası çərçivəsində texniki dəstək göstərir, eləcə də şirkət tikinti səkilərinin quraşdırılmasını həyata keçirir", - mənbə deyib.

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Böyük Britaniyanın "Cape" şirkəti birgə müəssisə (BM) yaratmaq barədə 2010-cu il iyunun 30-da saziş imzalayıblar. BM-də iştirak payı aşağıdakı kimi bölüşdürülüb: ARDNŞ - 51 faiz, Cape - 49 faiz. Yeni şirkət Azərbaycanın Vergilər Nazirliyində ötən ilin dekabrında qeydiyyatdan keçib.

"Chirag oil project" dənizin 170 metr dərinliyində qurulacaq yeni platformada "Qərbi Çırağ"ın tikintisini nəzərdə tutur.

"Chirag oil project" çərçivəsində tikinti işlərinin əksəriyyəti, o cümlədən əvvəlki layihələr üçün xaricdə tikilən platformanın buruq modulunun tikintisi Azərbaycanda həyata keçiriləcək.

"Chirag oil project" altı milyard dollar həcmində investisiyanı nəzərdə tutur.

"Azəri-Çıraq-Günəşli"də neft hasilatının artırılması çərçivəsində tikiləcək yeni platformadan Azeri Light növlü neft hasilatının planlaşdırılan sutkalıq həcmi 183 min barel təşkil edəcək. Yeni platformadan səmt qazının gözlənilən sutkalıq həcmi 6,5 milyon kubmetri ötəcək.

Layihə çərçivəsində qabaqlayıcı qazma 2010-cu ilin birinci və 2012-ci ilin ikinci yarısını əhatə edəcək. Bu dövrdə qabaqlayıcı qazmanı "Dədə Qorqud" qurğusu aparacaq. Platformadan hasilata 2013-cü ilin sonunda başlamaq planlaşdırılıb.

Layihənin reallaşdırılması çərçivəsində 300 milyon barel neft hasilatı planlaşdırılır.

"Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları aşağıdakılardır: BP (operator - 37,43 faiz iştirak payı), "ChevronTexaco" (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "ExxonMobil" (8,006 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Delta Hess" (2,72 faiz).

Xəbər lenti

Xəbər lenti