...

Avropa İttifaqının "Nabukko"nu dəstəkləməsi layihənin uğur qazanması üçün əsas amil ola bilər

Energetika Materials 14 Yanvar 2011 19:11 (UTC +04:00)
Bakıda "Cənub qaz dəhlizi" üzrə imzalanan bəyannamə və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu kimi yüksək vəzifəli məmurun Azərbaycana səfəri "Nabukko" layihəsinin uğurla həyata keçməsində əsas amil ola bilər.
Avropa İttifaqının "Nabukko"nu dəstəkləməsi layihənin uğur qazanması üçün əsas amil ola bilər

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir V.Javoronkova/

Bakıda "Cənub qaz dəhlizi" üzrə imzalanan bəyannamə və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu kimi yüksək vəzifəli məmurun Azərbaycana səfəri "Nabukko" layihəsinin uğurla həyata keçməsində əsas amil ola bilər. Mərkəzi Asiya üzrə alman ekspert Ştefan Mayster belə düşünür.

Onun fikrincə, Barrozunun Azərbaycana səfəri ondan xəbər verir ki, Avropa "Nabukko" layihəsinin həyata keçirilməsinə əhəmiyyətli dəstək nümayiş etdirir.

"Avropa İttifaqı hazırda bu layihənin ən yüksək səviyyədə dəstəklənməsi ideyasına sadiqdir və bu, "Nabukko" layihəsinin uğur qazanması üçün əsas amil ola bilər", - Trend-ə elektron poçtla xarici siyasət üzrə alman ekspert Mayster bildirib.

"Dünən imzalanan "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" böyük əhəmiyyət daşıyır və tərəflərin onun həyata keçirilməsində maraqlı olduqlarını sübut edir", - cümə günü Bakıda jurnalistlərə müsahibəsində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu deyib. Avropa Komissiyasının rəhbərini energetika üzrə Avropa komissarı Günter Ottinger müşayiət edib.

Cümə axşamı Bakıda "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" və bir sıra digər sənədlər Avropa Komissiyasının rəhbəri və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb.

Barrozu Bakıdan sonra Türkmənistana rəsmi səfərə yola düşəcək.

Ekspertin sözlərinə görə, indi tərəflər Azərbaycanın əsas tərəfdaş, Türkmənistanın isə ikinci mühüm potensial tədarükçü olacağı "Nabukko" layihəsi üzrə qərarın qəbul edilməsinin sonuncu mərhələsindədir.

"Nəhayət, Avropa Komissiyası iki yüksək vəzifəli məmuru Azərbaycan və Türkmənistana Avropa tərəfindən bu layihəyə siyasi dəstəyi nümayiş etdirmək üçün göndərir", - Mayster qeyd edib.

Analitikin fikrincə, Bakıda imzalanan bəyannamə "Nabukko" layihəsinin həyata keçirilməsi üçün mühüm siyasi addımdır.

"Bu ondan xəbər verir ki, hər iki tərəf bu layihənin hazırlıq prosesini başa çatdırmağa hazırdır", - o hesab edir.

Ererji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Bu layihələr üçün əsas mənbələrdən biri kimi Azərbaycanın 1,2 trilyon kubmetr qaz ehtiyatı ilə "Şahdəniz" yatağı hesab edilir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2012-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti