Səfərin daha geniş proqramı verilib (ilk xəbər 20 yanvar 20:06-da yayılıb)
Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir A.Axundov/
Türkiyənin energetika və təbii sərvətlər naziri Taner  Yıldız  Türkiyə və Azərbaycan ticari-iqtisadi əməkdaşlığı üzrə  hökumətlərarası komissiyanın şənbə günü keçiriləcək altıncı iclasında  iştirak etmək üçün Bakıya səfərə gələcək. Bu barədə Trend-ə  Türkiyənin  Energetika Nazirliyindən bildiriblər.
Səfər zamanı türkiyəli nazirin Azərbaycan Prezidenti İlham Əliyev və Baş  nazirin müavini Abid Şərifovla görüşləri gözlənilir. Taner Yıldız və  Abid Şərifov Azərbaycan-Türkiyə ticari-iqtisadi hökümətlərarası  komissiyasının həmsədrləridirlər. 
Yıldız Bakıya cümə günündən şənbə gününə keçən gecə gələcək və  Azərbaycan paytaxtını şənbə günü axşam tərk edəcək.
Türkiyəli naziri səfər zamanı Türk Petrolları (TPAO) milli neft  şirkətinin və BOTAŞ şirkətinin rəhbərləri müşayiət edəcəklər.
Türkiyə xəzinədarlığının 2010-cu il sentyabrın sonuna olan statistik məlumatlarına görə, Azərbaycanda Türkiyə investisiyaları 3,825 milyard dollara çatıb. Onların 3,573 milyard dolları Azərbaycanın energetika sektoruna qoyulub.