...

Neftin dünya qiymətlərinin artması dörd amillə bağlıdır - ekspert

Energetika Materials 4 Fevral 2011 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir E.İsmayılov/

ABŞ-ın karbohidrogen ehtiyatları həcminin qiymətləndirilməsində dəyişikliklər bu mərhələdə neftin dünya qiymətlərinin formalaşmasına təsir edən əsas amil kimi rol oynamır. Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdən birinin eksperti deyib.

Onun sözlərinə görə, bundan əvvəl ABŞ-ın neft ehtiyatlarının qiymətləndirilməsindəki dəyişikliklər neftin dünya qiymətlərinin formalaşmasına səbəb olan amil idisə, hazırkı vəziyyətdə qiymət artımını dörd əsas amilin təsiri ilə izah etmək olar.

Beləliklə, ekspert əsas səbəblərdən biri kimi son zamanlar ərəb ölkələri, xüsusilə də, mövcud hakimiyyətdən narazı olan əhalinin küçələrə çıxdığı Sudan, Misir və Yəməndə baş verən iğtişaşları göstərib.

Ekspertin fikrincə, hazırda neftin qiymətlərinin dəyişilməsinə təsir edən mühüm amillərdən biri treyderlər tərəfindən neftin müəyyən həcminin alınması və saxlanılması yolu ilə neft bazarında süni şəkildə qiymətlərə təsir edə biləcək mümkün spekulyasiyadır.

Mənbə qalan iki amil kimi Çinin inkişaf edən iqtisadi potensialı və hava şəraitinin mövsümi dəyişilməsini (soyuma) göstərib.

Qeyd edək ki, son dörd gün ərzində, həmçinin Azərbaycan neftinin qiyməti 100 dollar/bareli ötüb. Bu da dünya maliyyə-iqtisadi böhranından sonra ən yüksək göstəricidir.

Fevralın 3-nə olan məlumatlara görə, CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti 104,07 dollar/barel təşkil edib. FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti 103,26 dollar/barel səviyyəsində olub.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 3-də 101,53 dollar/barel təşkil edib.

Xəbər lenti

Xəbər lenti