...

Macarıstan şirkəti AGRI layihəsinə daxil olub

Energetika Materials 9 Mart 2011 18:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir E.İsmayılov/

Macarıstanın MVM şirkəti Azərbaycandan maye qazın Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyaya nəqlini nəzərdə tutan "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsi çərçivəsində Rumıniyanın yaratdığı birgə müəssisənin tərkibinə daxil olub. Bu barədə çərşənbə günü Trend-ə ARDNŞ-dəki mənbə məlumat verib.

"MVM şirkəti artıq AGRI layihəsi çərçivəsində yaradılan birgə şirkətin tərkibinə daxil olub", - mənbə bildirib.

Bir müddət əvvəl BM Rumıniyada qeydiyyatdan keçib və bundan sonra Macarıstan tərəfi onun tərkibinə daxil olub.

Birgə müəssisə yeni layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) və maliyyələşdirmə mənbələrinin axtarışı ilə məşğul olacaq.

Şirkətin iştirakçıları Rumıniyanın ROMGAZ, Gürcüstanın neft-qaz korporasiyası, ARDNŞ və MVM şirkətləridir. BM-nin iştirakçılarının hər biri 25 faizlik iştirak payına malikdir.

Fevralın 14-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsinin həyata keçirilməsi üzrə protokol imzalayıblar. Sənəddə AGRI layihəsinin TİƏ-nin 2012-ci ilin aprelindən gec olmayaraq başa çatdırılmasının zəruriliyi göstərilib. Həmçinin, TİƏ-nin hazırlanması üçün zəruri maliyyələşdirmənin cəlb edilməsinə layihədə iştirak edən şirkətlərə dəstək göstərilməsi zəruriliyi də qeyd olunub. Sənəddə qeyd olunur ki, AGRI çərçivəsində işlərin gücləndirilməsi Azərbaycan qazının Avropa bazarlarına nəqlinin nisbətən daha qısa marşrutunun tapılmasını, Rumıniya-Macarfıstan (Arad-Şeqed) interkonnektorunun yaradılmasını nəzərdə tutur.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahilində qaz kəməri üzrə nəqlini nəzərdə tutur ki, bu qaz da xüsusi terminalda mayeləşdirilərək, tankerlərlə Rumıniyanın Konstansa limanı terminalında nəql olunacaq. Gələcəkdə maye qaz təbii qaz halına gətirilərək, ölkə ərazisində mövcud olan qaz infrastrukturu vasitəsilə Rumıniya və digər Avropa ölkələrinin qaz tələbatını ödəmək üçün istiqamətlənəcək.

Xəbər lenti

Xəbər lenti