Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir E.İsmayılov/
2010-cu ildə ARDNŞ-nin qaz emalı zavodu 4,1 milyard kubmetrə yaxın qaz emal edib. Bu barədə hökumətin ötən ilin yekunları üzrə hesabatında deyilir. 2009-cu ildə zavod 3,9 milyard kubmetr qaz emal edib.
Məlumata əsasən, emal nəticəsində zavod 4,03 milyard kubmetr təmizlənmiş qaz əldə edib. Bu göstərici 2009-cu ildə 3,8 milyard kubmetr olub.
Ötən il zavod 28,1 min ton qaz benzini də istehsal edib. Bu göstərici 2009-cu ildə 27 min ton olub. 2010-cu ildə zavod tərəfdən 25,4 min ton maye qaz istehsal olunub.
İstehsal edilən benzin və maye qazın ümumi həcmindən 69 faiz ixrac edilib, 31 faiz daxili bazara göndərilib.
Zavodda müqavilə əsasında ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin qazı emal edilir. Emaldan sonra zavod İB adından məhsulu "Azəriqaz" İB-yə, "Məişətmayeqaz" (maye qaz) MMC-yə və ixraca (qaz benzini) ötürür.
Hazırda zavodun istehsal gücü ildə 6,5 milyard kubmetr təşkil edir.