Azərbaycan, Bakı, 23 may /Trend/
ARDNŞ-nin yeni struktur bölməsi - "Nanotexnologiyalar" Elmi-İstehsalat Mərkəzi yaradılıb. Bu mərkəz əsas etibarı ilə 2010-2015-ci illəri əhatə edən "NANONEFT" proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən neft-qaz hasilatının artırılması, köhnə, xüsusilə sulaşmış yataqlarda karbohidrogenlərin çıxarılması və bu istiqamətdə xərclərin azaldılmasına nail olunması istiqamətində iş aparacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin məlumatında deyilir.
Buna qədər ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin müşaviri vəzifəsində çalışmış texnika elmləri doktoru, professor Eldar Şahbazov mərkəzin direktoru təyin edilmişdir.
"NANONEFT" proqramı 4 hissədən - "Nanohasilat", "Nanoqazma", "Nanoneftkimya" və "Ekonanoneft" hissələrindən ibarətdir. Dünya qazma praktikasında ilk dəfə olaraq "kiçik təsir effekti" əsasında quyuların qazılması prosesində mürəkkəbləşmələrin və qəzaların aradan qaldırılması üçün "HANONEFT", "NANOBİTİUM", "NANOQUDRON" və "NANOMAY" sistemlərinin elmi əsasları işlənib və praktik olaraq həyata keçirilib. Artıq bu günə kimi anomal yüksək və alçaq lay təzyiqli reoloji kəsilişləri ilə səciyyələnən "Qum adası", "Bibiheybət", "Balaxanı" "Bəyimdağ-Təkçay", "Günəşli" kimi yataqlarda bu nanosistemlər tətbiq edilib, 16 quyu mürəkkəbləşmələrsiz layihə dərinliyinə çatdırılıb. Yeni sistemlərin istifadəsi quyu divarının dayanıqlığının qorunmasını, lay kollektorlarında mühafizə ekranının yaradılmasını və bununla da məhsuldar layların çirklənməsinin qarşısının alınmasını təmin edib və istifadəsi nəzərdə tutulmuş xarici kimyəvi reagentlərin sərfini kəskin şəkildə azaldıb.
Bundan başqa, ARDNŞ-nin bir qrup alimi qazma prosesi zamanı quyu dibi zonasında tez-tez müşahidə olunan qum tıxaclarının aradan qaldırılması məqsədi ilə yeni nanotexnologiya yaradib. Reoloji göstəricilər xeyli yaxşılaşıb, qum hissəciklərinin fəzada (çıxarılan mayenin tərkibində) dayanıqlığı artıb, həm praktik, həm də elmi cəhətdən böyük nəticələr əldə olunub.