...

I rübdə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 33,3 faiz artıb

Energetika Materials 25 İyul 2011 13:55 (UTC +04:00)
2011-ci ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 7 milyard 827,2 milyon manat, xərcləri isə 2 milyard 593,1 milyon manat təşkil edib.
I rübdə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 33,3 faiz artıb

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir E.İsmayılov/

2011-ci ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 7 milyard 827,2 milyon manat, xərcləri isə 2 milyard 593,1 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə ARDNF-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Fonda daxilolmaların böyük hissəsi mənfəət neftinin və qazın satışından əldə olunub. Neft müqavilələrinin həyata keçirilməsindən gələn gəlirlər 7 milyard 692,2 milyon manat səviyyəsində, o cümlədən mənfəət neftinin satışından - 7 milyard 518,1 milyon manat, tranzit ödənişlər üzrə - 3,8 milyon manat təşkil edib.

Bu dövrdə Bakı-Tbilisi-Ceyhan neft kəmərindən dividendlər 66,8 milyon manat olub. Azərbaycanın qaz-kondensat yatağı "Şahdəniz" layihəsinin işlənməsinin birinci mərhələsi çərçivəsində alınan qazın dəyəri üzrə fərqdən Neft Fonduna 101,7 milyon manat vəsait daxil olub.

Hesabat dövründə xarici investorların verdikləri aktivlərdən gəlirlər 0,6 milyon manat, akrhesabı ödənişlər 1,2 milyon manat təşkil edib. 2011-ci ilin birinci rübündə Neft Fondunun vəsaitlərinin idarə olunmasından 135 milyon manat həcmində gəlir əldə olunub. Valyuta məzənnəsindəki fərqlərdən fondun gəlirləri 482,4 milyon manat təşkil edib.

Neft Fondunun xərclər strukturunda qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərə 47,2 milyon, Samur-Abşeron kanalının yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 64,1 milyon, Oğuz-Qəbələ zonasından Bakıya su kəmərinin çəkilişinə isə 2,3 milyon manat vəsait ayrılıb.
Dövlət büdcəsinə transfertlər 2 milyard 461 milyon manat təşkil edib.

2007-2015-ci illər dövlət proqramı çərçivəsində azərbaycanlı tələbələrin xaricdə təhsil almasına 4,6 milyon manat vəsait sərf olunub. Həmçinin Bakı-Tbilisi-Qars yeni dəmiryolunun tikintisi layihəsinin maliyyələşdirilməsinə 9,3 milyon manat yönəldilib.

Fondun idarə olunması üzrə xərclər 4,6 milyon manat təşkil edib.

2011-ci il iyunun 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri bu ilin əvvəli ilə müqayisədə 33,3 faiz (22 milyard 766,8 milyon dollar) artaraq 30 milyard 357,5 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb və həmin vaxt onun aktivləri 271 milyon dollar təşkil edib.
ARDNF-nin Nizamnaməsinə görə, fondun vəsaitləri
strateji baxımdan mühüm infrastruktur obyektlərin tikintisi və yenidən qurulmasına, eləcə də vacib ümummilli problemlərin həlli üçün istifadə oluna bilər. 2001-2009-cu illərdə əsas diqqət həm neft sektorunun, həm də ölkədəki infrastruktur sahələrin və qeyri-neft sektorunun inkişafına yönəldilib. Hazırda fondun vəsaitləri hesabına irrqasiya, nəqliyyat sahələrində bir sıra mühüm layihələr maliyyələşdirilir.

Dövlət Neft Fondunun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.

İyulun 25-nə rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti