...

"Ekol" QSC ARDNŞ üçün ekoloji layihəni başa çatdırıb

Energetika Materials 8 Sentyabr 2011 17:50 (UTC +04:00)
"Ekol Mühəndislik Xidmətləri" QSC 2011-ci ildə icra etdiyi ekoloji layihələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir.
"Ekol" QSC ARDNŞ üçün ekoloji layihəni başa çatdırıb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

"Ekol Mühəndislik Xidmətləri" QSC 2011-ci ildə icra etdiyi ekoloji layihələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir. QSC-nin cari ildə "Azneft" İB-nin sifarişi ilə icra etdiyi ən önəmli layihələrdən biri isə, "H.Z.Tağıyev adına NQÇİ-nin 2 saylı NQÇS-nin köhnə Qala yatağının ərazisində yerləşən, Qala gölünün ətrafında olan neftlə çirklənmiş sahələrin təmizlənməsi işlərinin yerinə yetirilməsi" layihəsidir.

QSC-nin Ekoloji Monitorinq Departamentinin apardığı monitorinq işləri nəticəsində müəyyən edilib ki, 76 hektar sahəsi olan Qala gölünün sahil xətti və ətraf sahələr uzun illərdir ki, neftlə çirklənməyə məruz qalıb. Bununla əlaqədar olaraq, QSC-nin Torpaqların Rekultivasiyası Departamenti mart ayında layihənin icrasına başlayıb, xüsusi texnika və işçi qüvvəsini cəlb etməklə, təqvim planına uyğun olaraq layihəni avqust ayında müvəffəqiyyətlə başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə QSC-nin cümə axşamı yaydığı məlumatda deyilir.

Layihənin icra müddətində Qala gölünün sahil xəttindən və ətraf ərazilərdən 120 min m3 -dən çox neftşlam çıxarılaraq anbarlaşdırılıb, əraziyə 25 min m3-dən çox ştib və 102 min m3-ə qədər torpaq daşınaraq hamarlama işləri aparılıb. Görülən işlər nəticəsində gölün ətrafında 24 hektar neftlə çirklənmiş sahələr təmizlənərək reabilitasiya olunub.

Layihənin icra edilməsi ilə Qala gölünün ətraf əraziləri öz əvvəlki görkəminə qayıdıb və ekoloji vəziyyəti xeyli dərəcədə yaxşılaşıb.

Xəbər lenti

Xəbər lenti