...

Azərbaycan və Ukrayna enerji məsələlərini müzakirə edirlər

Energetika Materials 19 Sentyabr 2011 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir S.Əliyev/

Bakıda keçirilən görüş çərçivəsində Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Boyko enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edirlər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi diplomatik mənbələrdən bildirilib.

Məlumata görə, tərəflər bu ilin yanvarında Azərbaycan və Ukraynanın dövlət başçıları İlham Əliyev və Viktor Yanukoviçin görüşünün yekunları üzrə imzalanmış sənədlər üzərində çalışırlar.

Həmçinin, "Ukrayna ərazisi ilə neft nəqli sahəsində əməkdaşlığın inkişafı üzrə tədbirlər haqqında saziş" və "Ukrayna ərazisi ilə maye təbii qazın tədarükünün təşkilində əməkdaşlıq haqqında memorandum" üzərində iş gedir.

Ukraynanın Azərbaycanın maye qazının tədarükünün həyata keçirilməsində iştirakı Azərbaycanın maye qazının Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəqlini nəzərdə tutan "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsi ilə mümkündür.

AGRI layihəsinin gücü üç variantda nəzərdə tutulur - ildə iki milyard kubmetr qaz, beş milyard kubmetr və səkkiz milyard kubmetr. İlkin məlumatlara görə, layihənin gücündən asılı olaraq onun dəyəri 1,2 milyardla 4,5 milyard avro arasında dövr edir.
Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar.

Layihə Azərbaycan qazının qaz kəməri ilə Qara dəniz sahillərilə Gürcüstana nəqli nəzərdə tutulur. Burada o, xüsusi terminalda sıxılacaq və bundan sonra tankerlərlə Qara dənizlə Rumıniyaya yola salınacaq.

Hazırda Ukraynada prioritet milli layihələr sırasında olan maye qazin qəbulu üzrə terminalın yaradılması üzərində iş gedir.

Xəbər lenti

Xəbər lenti