...

Azərbaycan qazı Avropaya mümkün qədər tez çatdırılmalıdır - energetika naziri (ƏLAVƏ OLUNUB)

Energetika Materials 29 Sentyabr 2011 19:11 (UTC +04:00)
Bu gün aktual məsələ Azərbaycan qazının Avropa bazarına nəqlidir.
Azərbaycan qazı Avropaya mümkün qədər tez çatdırılmalıdır - energetika naziri (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 18:03-də yayılıb)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir A.Bədəlova/

Bu gün aktual məsələ Azərbaycan qazının Avropa bazarına nəqlidir. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Bakıda Böyük Britaniyanın energetika üzrə dövlət naziri Çarlz Hendri deyib.

Onun sözlərinə görə, bu məsələ təcili həll tələb edir.

"Şahdəniz" yatağı ən iri qaz yataqlarından biridir və çox vacibdir ki, bu yatağın qazı Avropa bazarına mümkün qədər tez çatdırılsın", - Hendri bildirib.

Türkmənistan və İraq qazı kimi digər mənbələrə gəlincə, nazir hesab edir ki, bu həcmlər daha sonrakı mərhələlərdə həyata keçirilə bilər.

Nazirin sözlərinə görə, Avropa, xüsusilə də Böyük Britaniya enerji tədarükü təhlükəsizliyinin təminində və yeni marşrutlarda maraqlıdır. Hendri əlavə edib ki, marşrut seçimində başlıca amil ticarətdir.

"Azərbaycan gələcəkdə çox şey vəd edən bir ölkədir və Böyük Britaniya Azərbaycanla əməkdaşlığa böyük diqqət yetirir", - o deyib.

Azərbaycana yatırılan investisiyaların 50 faizdən çoxu Böyük Britaniyanın payına düşür.

Azərbaycanda səfərdə olan Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə neft emalı sənayesində böyük təcrübəyə malik "SHAW Group" şirkəti də daxildir. Nazirin sözlərinə görə, bu şirkət Azərbaycanda müştərək müəssisə təşkil etməyə, habelə yeni emal kompleksi və ya mövcud neft emalı zavodlarının yenidən qurulmasında texniki dəstək verməyə maraq göstərir.

Hendrinin sözlərinə görə, Azərbaycanda neft-qaz sektoru ilə yanaşı, iqtisadiyyatın iki ölkə arasında əməkdaşlıq üçün perspektivli olan bir çox digər sahələri də var.

Xəbər lenti

Xəbər lenti