...

Bakı-Novorossiysk kəməri ilə neft nəqli bərpa olunub

Energetika Materials 8 Noyabr 2011 17:14 (UTC +04:00)
"Transneft" şirkəti Bakı-Mahaçqala-Novorossiysk boru kəmərində aşkar edilən qanunsuz oyuq açılması səbəbindən dayandırılan neft nəqlini bərpa edib.
Bakı-Novorossiysk kəməri ilə neft nəqli bərpa olunub

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir A.Axundov/

"Transneft" şirkəti Bakı-Mahaçqala-Novorossiysk boru kəmərində aşkar edilən qanunsuz oyuq açılması səbəbindən dayandırılan neft nəqlini bərpa edib. Bu barədə "Transneft" şirkətinin mətbuat katibi İqor Dyomin çərşənbə axşamı Trend-ə bildirib.

Dyominin sözlərinə görə, neft nəqlinin dayandırılması Novorossiysk limanından neftin yüklənməsinə heç bir təsir göstərməyəcək.

Dağıstanın Kizlyar rayonundakı Karl Marks adına və Vinoqradnoye kəndləri arasında neft sızması baş verib. Nəticədə qanunsuz olaraq kəmərdə açılan oyuq nəticəsində torpağa 5 kubmetrə yaxın yanacaq tökülüb, çirklənmə sahəsi təxminən 30-35 kvadrat metr təşkil edir.

Noyabrda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyanın Novorossiysk limanından ümumi həcmi 210 min ton olan iki neft partiyası satıb.

ARDNŞ Novorossiysk vasitəsilə öz yataqlarından, eləcə də ölkənin quru yataqlarında işləyən birgə müəssisələrin və əməliyyat şirkətlərinin hasil etdiyi neftin nəqlini həyata keçirir.

Ötən il ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə 2009-cu ildəki 2,5 milyon tona qarşı 2,24 milyon ton neft nəql edib.

2008-ci ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə 1,2 milyon ton neft ixrac edib. 2007-ci ildə bu marşrut üzrə 1,2 milyon tona yaxın neft ixrac olunub.

Bakı-Novorossiysk kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub. O, sonradan bu funksiyanı ARDNŞ-yə verib.

Xəbər lenti

Xəbər lenti