...

ARDNŞ yeraltı qaz anbarlarından qazın götürülməsinə başlayıb

Energetika Materials 14 Noyabr 2011 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir E.İsmayılov /

Azərbaycanda hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkənin yeraltı qaz anbarlarından qazın götürülməsinə başlayıb. Bu barədə Trend-ə bazar ertəsi ARDNŞ-dəki mənbə məlumat verib.

Azərbaycan ərazisində iki - Qalmaz və Qaradağ yeraltı qaz anbarı var.

Mənbənin sözlərinə görə, bu il yeraltı qaz anbarlarına qazın vurulması prosesi temperaturun kəskin şəkildə aşağı düşməsi və hava şəraitinin pisləşməsi ilə əlaqədar bir qədər tez başa çatıb.

"Havaların kəskin şəkildə soyuması səbəbindən yeraltı qaz anbarlarından qazın götürülməsinə tez başlanılıb", - mənbə deyib.

Onun sözlərinə görə, hazırda ölkənin yeraltı qaz anbarlarından sutka ərzində 7,2 milyon kubmetrdən artıq həcmdə qaz götürülür, bütün bu həcmlər Qaradağ qaz anbarının payına düşür. Qalmaz qaz anbarından qaz götürülməsinə hələ başlanmayıb.

"Hazırda Qaradağ qaz anbarından sutkada 7,2 milyon kubmetrdən artıq həcmdə qaz götürülür. Lakin bu gündən həmin həcmlər daha 1,5 milyon kubmetr artırılacaq", - mənbə deyib.
ARDNŞ nümayəndəsinin sözlərinə görə, artıq yeraltı qaz anbarlarından 100 milyon kubmetrə yaxın qaz götürülüb.

Xəbər lenti

Xəbər lenti