...

Azərbaycan Transxəzər qaz kəməri üçün ərazi, tranzit imkanları və infrastruktur təqdim etməyə hazırdır

Energetika Materials 17 Noyabr 2011 14:21 (UTC +04:00)
Azərbaycan Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsinə zəmanət verir və öz ərazisini, tranzit imkanlarını və infrastrukturunu təqdim edir.
Azərbaycan Transxəzər qaz kəməri üçün ərazi, tranzit imkanları və infrastruktur təqdim etməyə hazırdır

Türkmənistan, Aşqabad, 17 noyabr /Trend, müxbir H.Həsənov/

Azərbaycan Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsinə zəmanət verir və öz ərazisini, tranzit imkanlarını və infrastrukturunu təqdim edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov Aşqabadda keçirilən neft-qaz konfransında deyib.

"Hesab edirəm ki, bu məsələdə Azərbaycanın və Türkmənistanın mövqeyi hər halda oxşardır. Bu isə ixrac imkanlarının diversifikasiyasının, çoxvariantlılığının təminatıdır", - Qəhrəmanov deyib.

Qəhrəmanov onu da bildirib ki, "Türkmənistanı Rusiya, İran, Çinə qaz tədarükləri ilə əlaqələndirən boru kəmərləri haqqında çox danışılıb. TƏPH layihəsi (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) və "Cənub dəhlizi" də çox maraqlıdır".

Onun sözlərinə görə, Transxəzər qaz kəməri layihəsi gələcəkdə ətraflı müzakirələr tələb edir.

"Biz bu layihəni dəstəkləyirik [...]. Bununla Avropa İttifaqı və Avropa Komissiyası yaxından məşğul olur", - o deyib.

Transxəzər boru kəməri Xəzər hövzəsinin enerji resurslarını Avropa bazarına çatdırılması üzrə "Cənub dəhlizi"nin hissəsi kimi nəzərdən keçirilir.

Uzunluğu 300 kilometrə yaxın olan Transxəzər boru kəməri Xəzərin Türkmənistan sahillərindən Azərbaycana qədər uzanacaq. Layihədə əsas xammal yükü Türkmənistanın üzərinə düşür.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Türkmənistan öz qaz ehtiyatları ilə bu dəhlizlə əsas tədarükçülərdən biri roluna iddia edə bilər və Aşxabadın bu istiqamətdə səyləri nəzərəçarpandır.

Aşqabad uzunluğu 1000 kilometr və dəyəri iki milyard dollar olan daxili "Şərq-Qərb" qaz kəmərinin tikintisinə başlayıb. Bu kəmər ölkənin şərq regionunun - Eloten və Xəzər sahillərindəki qonşu yataqların ehtiyatlarını vahid nəqliyyat şəbəkəsinə birləşdirmək, ordan dənizin dibi ilə 300 kilometrlik boru kəməri çəkərək Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxmaq üçün çəkilir.

Xəbər lenti

Xəbər lenti