Azərbaycan, Bakı, 14 dekabr / Trend, müxbir E.İsmayılov /
Qazdan istifadə zamanı baş verən bütün bədbəxt hadisələrin 95 faizi zəhərlənmələrin, yerdə qalanı isə yanğınların və partlayışların payına düşür. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun mühafizə məsələləri üzrə müavini Aydınbəy Amanov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qazdan istifadə zamanı baş verən bütün bədbəxt hadisələrin aradan qaldırılması üçün ilk növbədə yaşayış binalarında isitmə sisteminin quraşdırılması, eləcə də layihələrində isti suyun verilməsi nəzərdə tutulan binalara onun verilməsi vacibdir.
Həmçinin istifadəçilərin bir az əvvəl təsdiqlənmiş qazdan istifadə qaydalarına əməl etmələri də mühüm elementdir.
Amanovun qeyd etdiyi kimi, bədbəxt hadisələrin əsas səbəbləri arasında tüstü bacalarının və ventilyasiya sistemlərinin normalara uyğun gəlməməsi, nəzərdə tutulan binaların isti su ilə təmin olunmaması da var. Bakıda belə binaların sayı 150 mindir.
Eləcə də Amanov vanna otaqlarında texniki normalara uyğun gəlməyən su qızdıran qaz cihazlarının quraşdırılmasını və digər səbəbləri də qeyd edib.
İB nümayəndəsi deyib ki, Birlik tərəfindən bədbəxt hadisələrlə mübarizə ilə yanaşı, qazlaşdırma, qazpaylama sistemindəki təmirlərlə bağlı genişmiqyaslı işlər aparılır ki, bu da istehlakçılara fasiləsiz və təhlükəsiz qaz verilməsini təmin etməyə imkan verir. O bildirib ki, həmçinin magistral qaz kəmərlərində, avadanlıqlarda və qurğularda qaz sızması ilə bağlı qəzaların sayı azalıb.