Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.İsmayılov/
Trans Anadolu qaz kəməri layihəsi (TANAP) Azərbaycana ilk dəfə Avropa sərhədlərinə çıxmağa imkan verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, bu layihə, o cümlədən Azərbaycan və Türkiyə üçün çox vacibdir.
"Mühüm olan Avropa sərhədlərinə çıxışdır. Bundan sonra ölkə öz qazının bütün Avropaya tədarük marşrutlarının diversifikasiyalaşdırılması imkanı əldə edəcək", - Əliyev deyib.
Nazir bildirib ki, Azərbaycanın Cənubi Qafqaz qaz kəməri var. Bu kəmər Türkiyəyə qaz ixrac etməyə imkan verir.
"Azərbaycan qazının Avropaya nəqlini təmin etmək üçün mövcud qaz nəqliyyat infrastrukturunun genişləndirilməsi və Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinədək qaz nəqlini təmin edəcək yeni qaz kəmərinin tikintisi üzrə bütün zəruri işlər görüləcək", - Əliyev deyib.
Xatırladaq ki, iyunun 26-da Azərbaycan və Türkiyə TANAP layihəsinin reallaşdırılmasına dair hökumətlərarası müqavilə imzalayıblar.