...

"Neft sənayesində risklərin idarə edilməsi" mövzusunda seminar keçirilib

Energetika Materials 12 Oktyabr 2012 19:47 (UTC +04:00)
ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə "Neft sənayesində risklərin idarə edilməsi" mövzusunda elmi-praktik seminar keçirilib.
"Neft sənayesində risklərin idarə edilməsi" mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə "Neft sənayesində risklərin idarə edilməsi" mövzusunda elmi-praktik seminar keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə "Azneft" İB-nin rəhbər heyəti, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri, Bakı Regional Mərkəzinin təmsilçiləri, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları iştirak ediblər. Seminarda çıxış edən "Azneft" İB-nin baş direktorun birinci müavini Balamirzə Ağarəhimov və FHN-nin Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik Kamil Bağırov cari mərhələdə neft-qaz hasilatını həyata keçirən qurumlarda potensial təhlükələr və onların qarşısının alınması istiqamətində maarifləndirmə məsələləri və müvafiq əməkdaşların hazırlanması zərurətindən danışıblar. Daha sonra "Azneft" İB-də mülki müdafiə və fövqəladə hallar sisteminin təşkili və idarə edilməsi, bu sahədə əldə olunan nailiyyətlər, hazırda icra edilən işlər və gələcək planlar barədə iştirakçılara məlumat verilib.

Bundan sonra FHN-in müvafiq qurumlarının məsul əməkdaşları və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri "Neft dağılmaları üzrə Azərbaycan Respublikasının milli strategiyası", "Xəzər dənizində ekstremal neft dağılmalarının modelləşdirilməsi və operativ ləğvetmə tədbirlərinin hazırlanması", "Neft dağılmalarının aradan qaldırılması üzrə əməliyyat təcrübəsi və belə hallarda risklərin idarə olunması" mövzularında çıxışlar ediblər.

Tədbirin sonunda Xəzər dənizində və quruda neft dağılmaları qəzalarının nəticələrinin aradan qaldırılmasına həsr olunmuş videoçarx nümayiş olunub. "Azneft" İB direktorunun birinci müavini Balamirzə Ağarəhimov və FHN-in Bakı Regional Mərkəzinin rəisinin birinci müavini polkovnik Kamil Bağırov seminarın işini müsbət qiymətləndirmişlər. Tədbirdə toxunulan məsələlərin əhəmiyyətini nəzərə alaraq "Azneft" İB-nin bütün müvafiq struktur vahidlərində bu mövzuda seminarların həyata keçirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti