...

ARDNF 2013-cü ildə 25 milyard manatdan çox investisiya yatıracaq

Energetika Materials 31 Dekabr 2012 04:26 (UTC +04:00)
2013-cü il üzrə Dövlət Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 25,2 milyard manata bərabər götürülür. 2012-ci ildə isə ARDNF-in investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri 23 milyard manat təşkil edirdi.
ARDNF 2013-cü ildə 25 milyard manatdan çox investisiya yatıracaq

Azərbaycan, Bakı, 31 dekabr /Trend/

2013-cü il üzrə Dövlət Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 25,2 milyard manata bərabər götürülür. 2012-ci ildə isə ARDNF-in investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri 23 milyard manat təşkil edirdi.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş 2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin proqramı ilə nəzərdə tutulur.

"2013-cü ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcəkdir", sənəddə deyilir.

2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri aşağıdakılardır:

- Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;

- Dövlət büdcəsinə transfert;

- Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;

- Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;

- 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi;

- Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi;

- Neft-Qaz və Neftkimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;

- Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;

- TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;

- Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti