...

Qordon Birrell Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının sədri seçilib

Energetika Materials 19 İyun 2013 13:10 (UTC +04:00)
Qordon Birrell Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyası (OGP) tərəfindən həmin assosiasiyanın idarə komitəsinin sədri seçilib.
Qordon Birrell Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının sədri seçilib

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Qordon Birrell Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyası (OGP) tərəfindən həmin assosiasiyanın idarə komitəsinin sədri seçilib. O, bu vəzifəyə assosiasiyanın Avstraliyanın Brisben şəhərində keçirilmiş sonuncu İllik Baş Yığıncağında seçilib. Bu barədə Trend-ə çərşənbə günü "bp-Azərbaycan" şirkətindən daxil olan məlumatda deyilir.

OGP-nin üzvləri sırasına dünyanın aparıcı açıq səhmdar, özəl və dövlət neft və qaz şirkətləri, neft və qaz assosiasiyaları, kəşfiyyat və hasilat sahəsində xidmətlər göstərən iri şirkətlər daxildir. Dünya neftinin yarısından çoxu və təxminən dünyadakı qazın üçdə biri OGP üzvləri tərəfindən hasil edilir.

Ötən dörd il ərzində BP şirkətini OGP-nin idarə komitəsində təmsil edən cənab Birrell 2012-ci ildə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti vəzifəsinə təyin edilib. Bundan əvvəl neft və qaz sənayesinin kəşfiyyat və hasilat (Apstrim) seqmentində iyirmi beş ildən artıq bir dövrü əhatə edən karyerası ərzində cənab Birrell əsasən dənizdə və quruda yerləşən sahələrdə əməyin təhlükəsizliyinin, əməliyyat risklərinin və hasilatın idarə olunması üzrə bir sıra yüksək vəzifələrdə çalışıb.
O, beynəlxalq şəhadətnaməli mühəndisdir, Mühəndislik və Texnologiyalar İnstitutunun üzvüdür və Vorvik Universitetindən Biznes İdarəçiliyi üzrə Magistr dərəcəsi alıb.

OGP-dəki yeni vəzifəsi haqqında şərh verərkən, cənab Birrell neft və qaz sənayesinin kəşfiyyat və hasilat seqmentinin növbəti onilliklər ərzində dünyanın artmaqda olan enerji tələbatının təhlükəsiz və ətraf mühitə qarşı məsuliyyətli şəkildə ödənilməsinə yardım etmək cavabdehliyini vurğulayıb.

O deyib: "2040-cı ilə qədər dünya əhalisinin mövcud 7 milyarddan 9 milyarda qədər artacağını nəzərə alaraq, bizim 35% əlavə enerjiyə ehtiyacımız olacaq ki, bunun da xeyli hissəsi İƏİT-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) üzvü olmayan ölkələrdə elektrik enerjisi və nəqliyyat üçün tələbatın ödənilməsinə lazım olacaq. Həmin vaxt, bərpa olunan enerji mənbələri və nüvə enerjisi sahəsinin də inkişaf edəcəyinə baxmayaraq, neft dünyada ən mühüm yanacaq növü olmaqda davam edəcək və təbii qaz isə kömürü üstələyərək dünyada ikinci ən mühüm enerji mənbəyinə çevriləcək.

Xoşbəxtlikdən, dünyadakı tələbatı ödəmək və gözləntiləri təmin etmək üçün həm quruda, həm də dənizdə yerləşən yataqlarda kifayət qədər neft və qaz ehtiyatları mövcuddur. OGP-nin vəzifəsi əməyin təhlükəsizliyinə və davamlı inkişafa xüsusi diqqət yetirməklə, kəşfiyyat və hasilatın cəmiyyətin mənafeyinə xidmət göstərməsinə yardım etməkdir. Bu yolla, assosiasiya sənayenin fəaliyyət göstərmək hüququnu yeniləmək, müddətini uzatmaq və genişləndirmək yönümündə çalışır."

Yeni vəzifəni təhvil alarkən, cənab Birrell öz sələfi, "ExxonMobil" şirkətini təmsil edən Bred Korsonun fəaliyyətini təqdir etdi. O dedi: "Bred Korsonun bu vəzifədə fəaliyyət göstərdiyi müddət ərzində OGP quyunun təhlükəsizliyi, Arktikanın kəşfi və şist qatlarından hasil olunan qaz kimi mühüm məsələlərdə sənayenin maraqlarını əlavə olaraq müəyyənləşdirmək və təşviq etmək istiqamətində böyük irəliləyişə nail olub. Biz həmçinin üzvlərin sayının artırılması və texniki səriştə və proseslərin təkmilləşdirilməsi ilə assosiasiyanı daha da gücləndirmək istiqamətində onun əldə etdiyi nailiyyətləri də alqışlayırıq. OGP və onun təmsil etdiyi sənaye cənab Korsonun məharətli rəhbərliyindən xeyli faydalanıb."

Həmçinin idarə komitəsinin yeni seçilmiş sədr müavinləri İan MakDonald (Chevron) və Mişel Konti (Total) də cənab Birrell ilə birgə fəaliyyət göstərəcək.

"Shell" şirkətini təmsil edən cənab Cop Kops dörd il sədr müavini vəzifəsində xidmət göstərməklə əhəmiyyətli töhfə verdikdən sonra bu vəzifəni tərk edib.

Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyası (OGP) neft və qaz sənayesinin kəşfiyyat və hasilat sahəsini beynəlxalq tənzimləyici qurumlar və qanunverici orqanlar qarşısında təmsil edir. Baş qərargahı Londonda yerləşən OGP sənayeni Beynəlxalq Dəniz Təşkilatı və Davamlı İnkişaf üzrə Komissiya kimi BMT qurumlarında təmsil edir. OGP həmçinin Dünya Bankı və Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) ilə də əməkdaşlıq edir. O, həmçinin OSPAR, Helsinki Komissiyası və Barselona Konvensiyasının daxil olduğu bir sıra regional qurumlara akkreditə olunub.

OGP-nin Brüssel nümayəndəliyi kəşfiyyat və hasilat sənayesi ilə Avropa İttifaqı (Aİ) arasında müzakirələrin və təbliğat-təşviqat fəaliyyətinin aparılması üçün mühüm bir vasitədir. Bu, Avropa Komissiyası və Avropa Parlamenti ilə müntəzəm əlaqələri əhatə edir.

OGP həmçinin üzvlərə əməyin təhlükəsizliyi, sağlamlıq və ətraf mühitin mühafizəsi göstəricilərində və kəşfiyyat və hasilat subyektlərinin mühəndis layihələndirmə və istismar işlərində davamlı təkmilləşməyə nail olmağa yardım edir. OGP-nin beynəlxalq miqyasda çox sayda üzvlərə malik olması ona zəngin nou-hau, məlumat və təcrübə təmin edir. OGP-nin komitələri və işçi qrupları bu biliklərin dünyada nəşrlər və tədbirlər vasitəsilə mübadiləsini və yayılmasını idarə edir.

OGP haqqında əlavə məlumat əldə etmək üçün [email protected] elektron ünvanı ilə əlaqə saxlayın və ya www.ogp.org.uk veb-saytına daxil olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti