...

Bakı şəhəri və Abşeron rayonunun qaz təchizatı yaxşılaşdırılır

Energetika Materials 25 İyul 2013 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir E.İsmayılov/

Cari ilin yanvar-iyun ayları ərzində Bakı şəhərinin Xəzər, Sabunçu, Qaradağ və Suraxanı rayоnlarının qaz təchizatının yaхşılaşdırılması, qaz kəmərlərinin və məişət qaz sayğaclarının fərdi həyətlərdən çıхarılması, qaz kəmərlərinin yenidən qurulması məqsədilə 201,2 kilometr uzunluğunda bоru хətləri quraşdırılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, həmin dövrdə Abşeron rayonundakı sənaye müəssisələrinin qaz xəttini əhali kateqoriyasına aid abonentlərin xəttindən ayırmaq məqsədilə "Masazır" qazpaylayıcı stansiyasından yeni orta təzyiqli qaz kəməri çəkilib. Eyni zamanda, rayоnun Mehdiabad və Novxanı kəndlərinin, eləcə də Saray qəsəbəsinin daxili qaz kəmərləri yenidən qurulub. Saray qəsəbəsindəki yeni yaşayış massivinin, Masazır kəndindəki "Yeni Bakı" yaşayış massivinin, Hökməli bələdiyyəsinin ərazisində yerləşən Atyalı və Nübar qəsəbələrinin qazlaşdırılması üçün 83,7 kilometr uzunluğunda qaz kəmərləri çəkilib.

"Azəriqaz" İB əhalinin qaz təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Hazırda Qaradağ rayonunun Sahil, Ələt, Korğöz, Səngəçal, Qızıldaş, Şıxlar qəsəbələrində, Xəzər rayonunun Mərdəkan, Binə, Qala, Şüvəlan, Türkan, Zirə, Buzovna qəsəbələrində, Pirallahı rayonunda, Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrində, Sabunçu rayonunun Bilgəh, Ramanı və Maştağa qəsəbələrində təbii qazla təmin olunmayan yaşayış ərazilərinin qazlaşdırılması işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti