...

Bakıda "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Energetika Materials 12 Sentyabr 2013 16:07 (UTC +04:00)
4-5 noyabr tarixində Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Bakıda "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" mövzusunda beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

4-5 noyabr tarixində Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunub. Konfransa təşkilati dəstək "Iteca Caspian" MMC və IDEA ("Ətraf mühit naminə beynəlxalq dialoq") təşkilatı tərəfindən təmin olunur.

Konfransda 200 nəfərdən artıq nümayəndənin iştirakı gözlənilir və onlar arasında müxtəlif ölkələrin hökumət təşkilatları və neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər də var.

Plenar sessiyada ARDNŞ, BP, IDEA kampaniyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi iştirak edəcək. Həmçinin, konfransın proqramına Azərbaycan Milli Məclisinin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov və Britaniya Parlamenti İctimai Palatasının Enerji və iqlim dəyişikliyi komitəsinin sədri Hon Tim Yeonun çıxışları daxil edilib.

Konfransın məqsədi ekologiya sahəsində mövcud olan məsələlərin təhlili ilə yanaşı, həmin məsələlərin beynəlxalq əməkdaşlıq çərçivəsində həll olunmasına dair aktual təkliflərin işlənib hazırlanmasıdır. Konfrans çərçivəsində neft-qaz sənayesinin inkişafı və atmosfer emissiyaları, dənizdə neft-qaz hasilatı üzrə əməliyyatların su hövzələrinə təsiri, neft və neft məhsulları ilə çirklənmiş torpaqların bərpası və idarə olunması, neft sənayesi tullantılarının idarə olunması üzrə innovativ yanaşma tərzi, alternativ energetika və neft-qaz əməliyyatlarında enerjidən istifadənin səmərəsi və s. bu kimi mövzulara toxunulacaq.

Konfransın platin sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), qızıl sponsoru "BP", bürünc sponsoru isə "Total" şirkətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti