Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Seymur Əliyev, Trend BİA-nın eksperti
Azərbaycanın enerji sektoru ənənəvi olaraq ölkə iqtisadiyyatının flaqmanıdır. Respublika artıq uzun müddətdir ki, özünü etibarlı neft və neft məhsulları idxalçısı kimi təsdiqləyib. Yaxın illərdə ölkə Avropanın qaza artan tələbatını ödəyəcək. Enerji sektorunun inkişafının əsas perspektivlərindən biri, o cümlədən elektrik enerjisi sektorudur.
Azərbaycan Prezidenti ötən gün Bakıda yeni yarımstansiyanın açılış mərasimində bildirib: "Son on il ərzində Azərbaycanda 2800 meqavata qədər yeni enerji gücü yaradılmışdır, 14 elektrik stansiyası tikilmişdir. Demək olar ki, bizim mövcud olan enerji potensialımızın 50 faizi son on ildə yaradılıb".
Azərbaycan iqtisadiyyatının inkişafı ilə ölkənin elektrik enerjisinə olan tələbatı da yüksək templərlə artır. Ölkə başçısı bildirib: "Azərbaycanın inkişafı o qədər güclüdür ki, 5-10 ildən sonra indiki güclər bizə kifayət etməyəcəkdir".
Lakin Azərbaycan artıq ölkənin artan daxili tələbatlarını ödəməyə, hətta enerji tədarükünü həyata keçirməyə imkan verən ehtiyat güclərə malikdir. Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Avropaya elektrik enerjisi tədarük etməyə imkan verəcək layihə reallaşdırır. O cümlədən, Azərbaycan, Rusiya və İran elektrik enerji sisteminin sinxronlaşdırılması layihəsi gündəlikdədir.
Hazırda respublikanın enerji sisteminin gücü 6,2 min meqavatı üstələyir. Bu, illik 22-24 milyard kilovat-saat elektrik enerjisi istehsalına imkan yaradır ki, bu da ölkənin elektrik enerjisinə olan maksimum tələbatını 25-27 faiz üstələyir.
Lakin Azərbaycan gələcəyə baxır. Hazırda ölkənin regionlarında yeni Su Elektrik stansiyalarının tikintisi, "Şimal" elektrik stansiyasında ikinci buxar-qaz qurğusunun quraşdırılması işləri davam etdirilir.
Gələcəkdə Azərbaycanın çaylarında və su təsərrüfatı obyektlərində il ərzində 3,2 milyard kilovat-saat həcmində elektrik enerjisi istehsal etmək gücünə malik 173 xırda Su Elektrik Stansiyası tikiləcək. Bundan əlavə, Su Elektrik stansiyalarının tikintisi üç dövlət əhəmiyyətli məsələnin həll olunmasına imkan verəcək: sel axınlarının tənzimlənməsi, elektrik enerjisinin istehsalı və yeni suvarma sistemlərinin yaradılması.
Azərbaycan, o cümlədən böyük geotermal ehtiyatlara və Günəş enerjisindən istifadə üçün böyük potensiala malikdir. Ümumilikdə Azərbaycan 2020-ci ilədək bütün alternativ enerji mənbələri üzrə enerji istehsalını iki min meqavata çatdırmağı planlaşdırır.
Bununla yanaşı əhalinin elektrik enerjisi ilə etibarlı şəkildə təmin olunması üçün ölkə regionlarında ötürücü şəbəkələrdə genişmiqyaslı işlərin aparılmasına ehtiyac var.
Azərbaycan Prezidenti bildirib: "Bu gün "Azərenerji"yə tapşırıq verilmişdir ki, bölgələrdə də şəbəkəni normal səviyyəyə çatdıraq ki, heç bir fasilə olmasın. Əslində fasilə olmamalıdır. Çünki kifayət qədər enerji gücümüz vardır. Fasilə ondan olur ki, bəzi şəbəkələr, xətlər nasaz vəziyyətdədir".
Etibarlı elektrik enerjisi sisteminin yaradılması Azərbaycana nəinki öz enerji təhlükəsizliyini yüksəltməyə imkan verir, hətta elektrik enerjisi ixracına, o cümlədən ölkənin sürətlə inkişaf edən iqtisadiyyatının artan tələblərini ödəməyə imkan verir.