Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir E.İsmayılov/
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) həyata keçirdiyi Gürcüstan regionlarının qazlaşdırılması proqramı çərçivəsində yeni (potensial) abonentlərin sayı 250 minə çatacaq. Bu barədə Trend-ə ARDNŞ-dəki mənbə deyib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, "SOCAR Georgia Gas" ("SOCAR Energy Georgia"nin törəmə şirkəti) 150 mindən artıq yeni (potensial) abonenti qazlaşdırmalı və ölkədə qazlaşdırma prosesinə azı 40 milyon dollar həcmində investisiya qoymalıdır. Lakin məlum olub ki, investisiyaların həcmi bu məbləği xeyli ötəcək. Bu, eyni zamanda, qazlaşdırma proqramının uzadılmasının səbəblərindən biri olub.
Mənbənin sözlərinə görə, yaxın vaxtlarda ARDNŞ və Gürcüstan hökuməti yeni saziş imzalayacaqlar. Həmin sazişə əsasən, proqramın əhatə etdiyi abonentlərin sayı 250 minə çatacaq: "Yeni sənəd hazırlanır və yaxın vaxtlarda onun imzalanacağı gözlənilir".
O, qeyd edib ki, müqaviləyə uyğun olaraq 150 min yeni abonent qazla təmin edilməli olsa da, hazırda onların sayı 190 minə yaxındır.