...

Bakı "Neft-qaz həftəsi"nə hazırlaşır

Energetika Materials 2 İyun 2014 17:42 (UTC +04:00)
3-6 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji sektorunun ən iri tədbiri - 21-ci Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil & Gas 2014”) sərgi və konfransı öz işinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında "ITE Group Plc"in rəhbəri Edvard Stroon deyib.
Bakı "Neft-qaz həftəsi"nə hazırlaşır

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir E.İsmayılov/

3-6 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji sektorunun ən iri tədbiri - 21-ci Beynəlxalq "Xəzər Neft və Qaz" ("Caspian Oil & Gas 2014") sərgi və konfransı öz işinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi keçirilən mətbuat konfransında "ITE Group Plc"in rəhbəri Edvard Stroon deyib.

Sözügedən sərgi hər il neft və qazın hasilatı, emalı, daşınması və maddi-texniki təchizatı, habelə servis xidmətləri sahəsində qabaqcıl texnologiyaların nümayişi, eləcə də neft-qaz bazarının inkişaf təmayülləri, Xəzəryanı regionda potensial əməkdaşlıq imkanları və dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərinin müzakirəsi üçün neft sənayesinin aparıcı mütəxəssis və liderlərini bir arada toplayır.

Bu il Azərbaycanın neft-qaz sənayesi tarixində mühüm hadisə - "Əsrin Müqaviləsi"nin 20-ci ildönümü qeyd edilir. Birinci "Caspian Oil & Gas" sərgisi öz işinə 1994-cü ildə - həmin ilin sentyabr ayında Azərbaycanın neft sənayesi və iqtisadiyyatının inkişafında yeni dövrün başlanğıcı olan "Əsrin Müqaviləsi"nin imzalanması ərəfəsində başladı. Həmin vaxt Ümummilli lider Heydər Əliyev Azərbaycanın neft-qaz sahəsində birinci ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdi. O vaxtdan bəri "Caspian Oil & Gas" sərgisi neft, qaz və energetika sənayesinin aparıcı peşəkarlarının görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandumlar, habelə saziş və müqavilələr imzalanır.

Sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin iştirak etməsi bu tədbirin yüksək statusunu bir daha təsdiq edir. Ölkə başçısı bu il də sərgi və konfransın iştirakçı və qonaqlarının ünvanına salamlama məktubu göndərmişdir. "Caspian Oil & Gas" sərgisinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən əvəzolunmaz dəstək göstərilir. Sərginin təşkilatçıları qismində "ITE Group" və onun tərəfdaşı - "Iteca Caspian" şirkətləri çıxış edirlər. Layihə üzərində işlərə "ITE Group Plc" şirkətinin tərəfdaşları - "ITE London", "ITE LLC Moscow" (Rusiya), "EUF" (Тürkiyə), "GIMA" (Almaniya), "ITE China" (ÇXR) və "ITE Gulf" (BƏƏ) şirkətləri cəlb olunublar və onlar beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgidə iştiraka fəal surətdə cəlb edirlər. Artıq 9 ildir ki, sərgi "UFI" Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təqdir olunur, belə ki, "UFI tərəfindən təsdiq olunub" nişanı sərginin bütün beynəlxalq standartlara uyğun olduğunu sübut edir.
Hər il yüksək vəzifəli qonaqlar bu sərgi və konfransı ziyarət edir və tədbirin rəsmi açılış mərasimində iştirak edirlər. "Caspian Oil & Gas 2014" sərgi və konfransının "VIP" səviyyəli qonaqları arasında Böyük Britaniya Baş nazirinin Azərbaycanla ticarətin inkişafı üzrə xüsusi elçisi Çarlz Hendri, Norveçin neft və energetika nazirinin müavini Kare Fostervold, Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Metin Kilci, Türkiyənin nəqliyyat nazirinin müavini Firudun Bilgin Enerji Xartiyasının Baş katibi Urban Rusnak, Bolqarıstanın xarici işlər nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Laçezar Matev, Robert Dadli, BP şirkətinin baş icraçı direktoru, Daniel Ştayn, ABŞ Dövlət Departamentinin Enerji məsələləri üzrə Baş məsləhətçisi və digərləri var.

Bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70%-dən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulub və onların arasında bilavasitə "Əsrin Müqaviləsi"nin iştirakçıları var (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "BP", "Statoil", "TPAO", "Lukoil" və s.). Sərginin demək olar ki, bütün debütantları əvvəllər heç vaxt Azərbaycan bazarında olmayıblar və öz bizneslərini Xəzəryanı regionda genişləndirmək üçün bu sərgidən başlanğıc platforma kimi istifadə edirlər. Beynəlxalq "Caspian Oil & Gas" sərgisinin iştirakçı tərkibinin daimi yenilənməsi və genişlənməsi isə dünya neft-qaz cəmiyyətinin sərgiyə səngiməyən marağını vurğulayır. Sərgi iştirakçılarının ümumi sayının 35%-ni yerli şirkətlər təşkil edir. Ümumiyyətlə isə sərginin bütün ekspozisiyası üzrə artım 10%-dir.

Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası aşağıdakı tematik bölmələrdən ibarətdir: neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və s. Azərbaycanda "Sənaye İli" ilə əlaqədar olaraq, iştirakçılar öz ekspozisiyalarında neft-qaz avadanlıqlarına xüsusi diqqət ayırırlar.

Sərgi sponsorlarının tərkibi də tədbirin statusunu vurğulayır. "Caspian Oil & Gas 2014" sərgisinin baş sponsoru qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), qızıl sponsorları qismində "BP Azerbaijan" və "Baker Hughes" şirkətləri, gümüş sponsorları qismində "Nobel Oil LTD" və "Caspian Drilling Company" şirkətləri, bürünc sponsorları qismində isə "Ballast Pipeline SVAP", "Dassault Systèmes", "SNF VOSTOK", "Azfen J.V.", "Azeri M-I Drilling Fluids", "Bos Shelf", "RussNeft", "Caspian Marine Services" və "Tekfen Construction and Installation Co. INC" şirkətləri çıxış edirlər. Sərginin rəsmi avtomobili "Toyota"dır.

Ardıcıl olaraq ikinci ildir ki, sərgi çərçivəsində "BP" şirkəti və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri üzrə tərəfdaşları tərəfindən "Alıcı ilə tanış ol" ("Meet the Buyer") şüarı altında tədbir keçiriləcək. Tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, tikinti, maddi-texniki təminat, tullantıların toplanması və utilizasiyası, müxtəlif işgüzar xidmətlərin göstərilməsi və s. bu kimi sahələrdə ixtisaslaşan yerli şirkətlər iştirak edəcəklər.

Dördgünlük sərginin işgüzar proqramı da zəng olacaqdır. Belə ki, sərgi çərçivəsində neft-qaz sənayesi nümayəndələrinin geniş auditoriyası üçün aktual seminarlar və şirkətlərin təqdimatları təşkil olunacaq. 4 iyun tarixində Bakı Ekspo Mərkəzində "Intertech Corporation" şirkətinin "Neft sənayesi və ətraf mühit üzrə müasir analitik avadanlıqlar" mövzusunda seminarı keçiriləcəkdir. 5 iyun tarixində Bakı Ekspo Mərkəzində "Youth inc." şirkətinin iştirakçıları üçün master-klass keçiriləcək. "Youth İnc." proqramı "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi, Coca-Cola və Gənclər və İdman Nazirliyinin birgə proqramıdır. Proqramın məqsədi Azərbaycanda "Gənc Sahibkarlıq" anlayışının inkişafı və gənclərin öz biznesini yaradılmasında dəstək olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti