Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Emil İsmayılov/
Britaniyanın BP şirkəti 2018-ci ilədək Azərbaycanda çalışan yerli əməkdaşların sayını 90 faizə çatdırmağı planlaşdırır. Trend xəbər verir ki, bu barədə "SOCAR plus" jurnalına müsahibəsində BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə prezidenti Qordon Birrell bildirib.
Birrellin qeyd etdiyi kimi, şirkətdə 2900-dən artıq Azərbaycan vətəndaşı çalışır ki, bu da ölkədə BP-nin ixtisaslı personalının 85 faizindən çoxunu təşkil edir: "Biz 2018-ci ilədək bu göstəricini 90 faizədək çatdırmağı planlaşdırırıq. Bu, bizim əsas öhdəliklərimizdən biridir".
Bir müddət əvvəl Azərbaycan və BP yerli fəhlə qüvvəsinin Qobustan Regional Tədris Mərkəzində təhsil almaları sahəsində əməkdaşlıq haqqında saziş, eləcə də işə qəbul və vəzifəyə təyin etmə prosesi üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıblar.
Sənədlərin imzalanması ölkələr arasında neft-qaz sektorunda tələbat olan ixtisaslar üzrə milli kadrların milliləşdirilməsi sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verəcək.
Birinci sənədə görə, BP Səngəçal, Ümid, Əzimkənd və Qobustanda yaşayan yüzlərlə gənc Azərbaycan vətəndaşına təhsil vermək öhdəliyi götürür. Həmçinin bu sənəd ölkədə ixtisaslı fəhlə kadrlarının hazırlanmasına öz töhfəsini verəcək. Öz növbəsində, imzalanmış memorandumlar ölkədə əmək resurslarından rasional istifadə məqsədi ilə birgə fəaliyyətin tənzimlənməsi üçün etibarlı əsas yaradır.