Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Emil İsmayılov/
Xəzərin Azərbaycan sektorundakı "Abşeron" qaz-kondensat yatağının işlənməsinə 2021-ci ildən başlanacaq. Trend xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin rəsmi mətbuatda dərc olunmuş müsahibəsində deyilir.
"Abşeron" qaz-kondensat yatağının kəşfi 2011-ci ilin sentyabrında elan edilib.
N.Əliyevin sözlərinə görə, "Ümid" və "Abşeron" yataqları, "Şəfəq-Asiman" və "Babək" perspektivli strukturlarının imkanları Azərbaycanın qaz potensialının möhkəmləndirilməsinə əsas verir.
Nazir qeyd edib ki, "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsi qaz tədarükü baxımından vacibdir: "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz ixracının təmin edilməsi üçün yaxın 5 il ərzində 45 milyard dollar sərmayə qoyulacaq. Bundan 25 milyard dollar layihənin özünə, qalan hissə isə bütün zəruri qaz infrastrukturunun yaradılmasına xərclənəcək".