...

Azərbaycan 60 dollar/bareldən çəkinmir

Energetika Materials 28 Noyabr 2014 18:27
Azərbaycanın qəbul etdiyi 2015-ci il dövlət büdcəsində 1 barel neftin qiyməti 90 dollar səviyyəsində formalaşıb.
Azərbaycan 60 dollar/bareldən çəkinmir

Trend-i buradan izləyin

İlahə Məmmədli - Trend:

Azərbaycanın qəbul etdiyi 2015-ci il dövlət büdcəsində 1 barel neftin qiyməti 90 dollar səviyyəsində formalaşıb. Baxmayaraq ki, dünən OPEK-in üzv ölkələri neft hasilatı kvotasını azaltmaqdan imtina etdilər. Proqnozlara əsasən, təşkilatın qərarı ilə əlaqədar neftin qiymətləri azalmaqda davam edəcək.

Ancaq Azərbaycanın qərarı dəyişməz olaraq qaldı. Lakin yarımilliyin nəticələri üzrə əvvəlki büdcə düzəlişlərini nəzərə alsaq, ölkə manevr etmək imkanını özündə saxlayıb.

Azərbaycan iqtisadiyyatının enerji resursları qiymətindən asılılığını nəzərə alaraq, bu məsələ bütün iqtisadi blokun diqqət mərkəzindədir və aparılmış hesablamalara görə, 1 barel neftin qiyməti 60 dollar olsa belə, ölkə iqtisadiyyatı üçün təhlükə törətmir.

OPEK-in 2015-ci ilin I yarısınadək neft hasilatı kvotasını sutkada 30 milyon barel səviyyəsində saxlamaq qərarını nəzərə alsaq, Azərbaycan hökuməti də tələsməmək və bazarın gələcək fəaliyyətini izləmək qərarına gəlib.

Ölkə hökuməti, bununla yanaşı, 1 barel neftin qiymətinin 60-90 dollar götürülməsi nəzərə alınmaqla dövlət büdcəsi və sosial-iqtisadi inkişaf üzrə proqnozların müxtəlif ssenarilərini hazırlayıb. Bu, Azərbaycana büdcə proqnozlarının icra edilməməsi risklərindən yayınmaq üçün neftin qiymətinin kəskin dəyişməsi halında reaksiya verməyə imkan verəcək.

Son 5 ayda neft təqribən 30 dollar ucuzlaşıb, bu, 2008-ci il böhranından bəri baş vermirdi. Bu eniş OPEK və digər neft hasilatçılarına xeyli çətinliklər törədirdi.

Bu arada ixracatçı ölkələrin qərarından sonra neft sürətlə ucuzlaşmağa başladı: "Brent" markalı neftin qiyməti cümə axşamı 5,17 dollar, cümə günü isə daha 0,47 dollar ucuzlaşaraq 72,11 dollaradək düşdü. Noyabrın əvvəlindən bu etalon 15 faiz ucuzlaşdı və cari ayı 2008-ci ilin noyabrından güclü enişlə başa vuracaq.

Neftin qiymətinin uzun müddət bu səviyyəyə yaxın qalacağını güman etməyə əsas var. Bu, ən azından Səudiyyə Ərəbistanının ABŞ-ın şist sənayesi ilə qarşıdurması davam edənədək qalacaq. Bu, 1986-cı ildə də belə olmuşdu. Həmin vaxt ərəblər ABŞ-ın neft sahəsinə zərbə vuraraq hasilatı artırmaqla neftin qiymətini 10 dollaradək endirdilər.

Azərbaycan hökumətinin 2018-ci ilədək proqnozlarında neft hasilatının həcmi dəyişikliklərə məruz qalacaq. 2016-cı ildə Azərbaycanda neft hasilatı 40,77 milyon ton, 2017-ci ildə 39,42 milyon ton, 2018-ci ildə isə 40,32 milyon ton təşkil edəcək.

İqtisadiyyatın enerji resurslarından asılılığını azaltmaq üçün hazırkı dünya konyunkturası - "şist inqilabı" və ya Qərbin Rusiyaya qarşı sanksiyaları - neft-qaz sektoru ilə bağlı olmayan sahələrin inkişafı və ümumilikdə iqtisadi müstəqilliyin gücləndirilməsi ilə bağlı getdikcə düşünməyə vadar edir.

Qiymətin hər 10 dollar azalmasına görə dövlət büdcəsinin gəlirlərinin təqribən 250 milyon dollar azaldığını nəzərə alsaq, neft amili büdcə gəlirlərində və ÜDM-in strukturunda azalmalıdır. Təbii ki, bu, tədricən baş verməlidir.

Artıq gələn il neft sektorunun ümumi büdcə daxilolmalarında payının 65,3 faizədək azalması gözlənilir. 2014-cü ildə isə bu göstırici 66 faiz səviyyəsində gözlənilir. 2013-cü ildə bu rəqəm 73,1 faiz olub.

Azərbaycan iqtisadiyyatının strukturuna nəzər salsaq görərik ki, son illər iqtisadi artıma xidmət edən amillər dəyişir. Məsələn, gələn il ÜDM-də neft sektorunun xüsusi çəkisi 34,9 faiz səviyyəsində proqnozlaşdırılır. Cari il bu rəqəm 40,4 faizdir. Neft sektoru üzrə ÜDM-in həcmi bu il 2,2 faiz azalacaq.

Ümumilikdə Azərbaycan ÜDM-də qeyri-neft sektorunun payı 2015-ci ildəki 66 faizdən 2018-ci ildə 71,3 faizə çatacaq. Gələn il qeyri-neft sektorunun artımı 8,2 faiz, növbəti 3 ildə isə hər il 7 faiz səviyyəsində gözlənilir.

Bu ondan xəbər verir ki, gələcəkdə ölkə iqtisadiyyatının artımı qeyri-neft sektoru ilə dəstəklənəcək. Qeyri-neft sektoru rəqabətədavamlı məhsulların istehsalını təmin edəcək. Məqsəd onun təkcə Ümumdünya Ticarət Təşkilatı ölkələrində deyil, həm də Avropa İttifaqı ölkələrində istehsal edilən mallarla layiqli rəqabət apara bilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti