...

BP Azərbaycanda yerli potensialların yaradılması səylərinə daim kömək edəcək

Energetika Materials 28 Noyabr 2014 19:10 (UTC +04:00)
Layihələri İdarəetmə Məktəbinin 3-cü buraxılış tədbiri keçirilib.
BP Azərbaycanda yerli potensialların yaradılması səylərinə daim kömək edəcək

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Layihələri İdarəetmə Məktəbinin 3-cü buraxılış tədbiri keçirilib.

Tədbir "Layihələri İdarəetmə Məktəbi"nin builki 80 nəfər məzununa buraxılış sertifikatları təqdim etmək məqsədi daşıyır.

Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional Prezidenti Qordon Birrell bildirib ki, bu Məktəb artıq yerli potensialı inkişaf etdirən, amma beynəlxalq məzmunlu davamlı bir təlim müəssisəsinə çevrilib: "2011-ci ildə bu layihəyə başlayanda və iki il sonra Məktəbə dəstəyimizi davam etdirmək qərarına gələndə məhz bu məqsədi qarşıya qoymuşduq. Dəstəklədiyimiz təhsil layihələrinin və təşəbbüslərinin uğurlu olduğunu, xüsusilə də onların davamlı olduğunu, daim qarşıya qoyulan məqsədə çatdığını, daim böyüdüyünü və ölkənin də irəliləyişinə dəstək verdiyini görəndə biz də öz məqsədimizə çatmış oluruq".

Onun sözlərinə görə, bu, BP və tərəfdaşlarının Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində daim diqqət mərkəzində saxladığı bir sahə olub: "Bu, həm də bizim bu ölkəyə verdiyimiz vədlərin əsas bir hissəsidir. Biz Azərbaycanda yerli potensialların yaradılması səylərinə daim kömək edəcəyik. Biz, əlbəttə ki, Azərbaycan iqtisadiyyatının parlaq gələcəyini görürük. Biz həmçinin ölkənin öz iqtisadiyyatını şaxələndirməkdə qətiyyətli olduğunu da bilirik. Buna nail olmaq üçün isə beynəlxalq standartlara cavab verən iri layihələri həyata keçirə bilən yüksək ixtisaslı layihə menecerlərinə həmişə ehtiyac olacaq. BP və onun tərəfdaşlarına gəldikdə isə yuxarıda qeyd etdiyim kimi, bu layihə ölkə qarşısındakı öhdəliyimizin bir hissəsidir. Biz əminik ki, yerli insan resurslarına və ümumilikdə bacarıqların yaradılmasına yatırdığımız və yatırmaqda davam edəcəyimiz əhəmiyyətli sərmayələr həm bizim layihələrə, həm də ölkədə həyada keçirilən digər layihələrə hələ uzun illər fayda gətirəcək. Biz 20 ildir ki, Azərbaycandayıq və bu müddət ərzində hökumət, ARDNŞ, yerli əhali, universitetlər, məktəblər və bütün digər tərəflərlə uğurlu əməkdaşlıqlar qurmuşuq. Biz bu tərəfdaşlıqları yüksək qiymətləndirir və onların uğurundan qürur duyuruq. İcraçı tərəfdaşlara gəldikdə isə - yəni, Xəzər Universiteti və "ESİ İnternational" üçün bu, onların öz təlim proqramları və tədris planı vasitəsilə beynəlxalq layihə idarəetmə standartlarının ölkəyə gətirilməsi üçün böyük imkandır. Məhz bu proqramlar vasitəsilə təlim iştirakçıları beynəlxalq təcrübəyə birbaşa çıxış əldə edir, öz bilik və səriştələrini artırırlar".

Q.Birrell deyib ki, bu, hər üç tərəfin maraqlarına xidmət edən bir layihədir: "Gələcəyə baxarkən, biz birlikdə işləməyə davam etməliyik, eləcə də əlimizdən gələni etməliyik ki, ölkə üçün yüksəkixtisaslı peşəkar kadrlar yetişdirmək səylərinə dəstək verən bu cür təhsil təşəbbüsləri ölkənin mənafeyinə xidmət etməkdə davam etsin. Nəhayət, deyilənləri təsdiq edən bir sıra faktları diqqətinizə çatdırmaq istəyirəm: bu vaxtadək "Layihələri İdarəetmə Məktəbi"ndə ümumilikdə təxminən 300 layihə meneceri təlim keçib və onlardan 55-i BP şirkətinin əməkdaşıdır. Bu məzunlar telekommunikasiya, tikinti, sığorta, bank, neft və qaz sektorundan tutmuş turizm və təhsil də daxil olmaqla, demək olar ki, bütün sektorları - həm dövlət, həm də özəl sektoru - təmsil edirlər. Bu, ölkədə layihələri idarəetmə üzrə davamlı potensialın yaradılmasına yönəlmiş səylərə böyük bir töhfədir".

Layihələri İdarəetmə Məktəbi (LİM) 2011-ci ilin yanvar ayında ölkədə potensialların yaradılması səylərini dəstəkləmək öhdəliyinin bir hissəsi kimi BP və onun tərəfdaşları tərəfindən yaradılıb. LİM layihələrin idarə olunması üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir təlim proqramı təmin etməklə həm özəl, həm də dövlət sektorundakı şəxslərin layihələri idarəetmə bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub. Bu təşəbbüsdə əsas diqqət bilavasitə layihələrin idarə edilməsində icranın təkmilləşdirilməsinə və ölkədə layihələri idarəetmə üzrə uzunmüddətli bacarıqların yaradılmasına yönəldilib.

LİM Xəzər Universiteti və "ESİ İnternational" şirkəti ilə əməkdaşlıqda yaradılıb. Xəzər Universiteti layihənin icraçısı, layihələri idarəetmə və onunla bağlı məsələlərin həlli sahəsində aparıcı təlim şirkəti olan"ESİ İnternational" şirkəti isə təlim proqramını həyata keçirən tərəfdir. Proqramın tədris planı yeddi moduldan ibarətdir və Corc Vaşinqton Universiteti (CVU) tərəfindən verilən beynəlxalq səviyyədə qəbul edilmiş "Layihələrin İdarə Edilməsi üzrə Magistr sertifikatı"nın alınmasını təmin edir: Layihələrin İdarə edilməsi, Layihəyə Rəhbərlik, İdarəetmə və Əlaqə, Risklərin İdarə Edilməsi, Planlaşdırma və Xərclərə Nəzarət, Layihə Menecerləri üçün Keyfiyyət, Layihənin İdarə Edilməsinin Tətbiqi Mexanizmi və Layihələri idarəetmə mütəxəssisi (LİEM) imtahanına hazırlıq. Təlim proqramı "ESİ İnternational" şirkətinin Fransa, Böyük Britaniya, İsveç və ABŞ-dan olan müəllimləri tərəfindən həyata keçirilir.

İndiyədək layihə üç fazada həyata keçirilib. LİM-in 2014-cü il üçün məzun buraxılışı sayca 3-cüdür. 28 noyabr 2014-cü il tarixində keçiriləcək tədbirdə 80 məzun sertifikat alacaq. Builki məzunlar hökumət, neft və qaz, sığorta, telekommunikasiya, tikinti, bank, səfirliklər, turizm və təhsil də daxil olmaqla dövlət və özəl sektordan olan müxtəlif təşkilatları təmsil edir.

Fəaliyyətə başladığı vaxtdan etibarən LİM ilə bağlı əsas faktlar:

• Bu vaxtadək xərclənmiş vəsaitlərin ümumi həcmi: 2 milyon dollardan artıq (BP və onun tərəfdaşlarının maliyyəsi)
• İştirakçıların ümumi sayı: 298 nəfər
• Verilmiş Bakalavr sertifikatlarının ümumi sayı: 122
• Verilmiş Magistr sertifikatlarının ümumi sayı: 176
• Proqramda iştirak etmiş təşkilatlar: 109
• BP-dən olan məzunlar: 55 nəfər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti