...

Avropa Türkmənistan qazı üçün nələrə hazırdır?

Energetika Materials 17 May 2015 12:00 (UTC +04:00)
Son dövrlərdə Avropa İttifaqının (Aİ) Türkmənistan qazını Avropaya çatdıracaq Transxəzər layihəsinin reallaşdırılması istiqamətində necə aktiv işləməsinin şahidiyik.
Avropa Türkmənistan qazı üçün nələrə hazırdır?

Maksim Tsurkov - Trend:

Son dövrlərdə Avropa İttifaqının (Aİ) Türkmənistan qazını Avropaya çatdıracaq Transxəzər layihəsinin reallaşdırılması istiqamətində necə aktiv işləməsinin şahidiyik. Sual yaranır: Avropa bu layihənin uğurla həyata keçirilməsi üçün nələrə hazırdır?

Brüsselin Türkmənistan qazına marağı təəccüb doğurmur. Aİ-ə böyük həcmdə qaz lazımdır, Aşqabad isə bunu təmin edə bilər. Hazırda söhbət Türkmənistanın hər il Avropanı 30 milyard kubmetr qazla təchiz etməsindən gedir. Bu həcmdə qaz alternativ mənbə axtarışında olan Aİ-ni razı sala bilər.

Bununla yanaşı, tərəflərin böyük marağı və iradəsinə baxmayaraq, bir çox praktik xarakterli suallar cavabsız qalır. Hələ indiyə kimi boru xəttini kimin tikəcəyi və ən əsası - hansı pula inşa edəcəyi məlum deyil.

Avropa Komissiyası konsorsium yaradılmasını təklif edir. Konsorsium aparıcı Avropa şirkətlərindən təşkil olunacaq və birbaşa layihənin həyata keçirilməsinə nəzarət edəcək, həmçinin investisiya məsələləri ilə məşğul olacaq. Ancaq son zamanlar yaranmış beynəlxalq iqtisadi tendensiya şirkətləri müəyyən maliyyə riskinə getməkdən saxlaya bilər.

Layihənin implementasiyasını əhəmiyyətli dərəcədə ləngidə biləcək digər amil Xəzərin statusu problemidir. Bu, Aİ-nin iradə və qətiyyətlilik nümayiş etdirməli olacağı başqa məsələdir.

Azərbaycana gəldikdə, ölkə hər vasitə ilə Transxəzər layihəsini dəstəkləyir və Türkmənistan qazının nəqlində tranzit ölkə olmağa hazırdır. Ancaq Bakı hələlik Transxəzər boru xəttinə pul xərcləməkdə maraqlı deyil. Bu isə başqa bir məsələdir.

İş burasındadır ki, hazırda Azərbaycan təşəbbüskarı olduğu "Cənub Qaz Dəhlizi" layihəsini reallaşdırır. Və Bakının bütün diqqəti bu layihənin planlarına istiqamətlənib. Ümumiyyətlə, bu gün Azərbaycan Avropaya Rusiya qazına alternativ qaz tədarükü üçün hamıdan çox iş görür. Transxəzər layihəsinə isə hələlik perspektivdə baxmaq olar.

Əlbəttə, müəyyən işlər artıq görülüb. Xüsusilə, tərəflər Azərbaycan, Türkmənistan, Aİ və Türkiyə nümayəndələrindən ibarət daimi işçi qrupu yaratmaqda razılığa gəliblər.

Digər məsələlərin həlli daha çox vaxt tələb edir. Brüsselin isə bu qədər vaxtı yoxdur. İndi Avropaya məsələləri həll edib sözdən əmələ keçmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti