...

SOCAR və BP kadr hazırlığı üzrə əməkdaşlığı uzadıb

Energetika Materials 8 Yanvar 2016 19:08 (UTC +04:00)
Sənədi SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.
SOCAR və BP kadr hazırlığı üzrə əməkdaşlığı uzadıb

Bakı. Maksim Tsurkov - Trend:

Yanvarın 8-də "BP Exploration (Caspian Sea) Limited" şirkəti ilə SOCAR-ın Təlim,Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində (QRTM) 10 ay müddətində texniki peşə ixtisasları üzrə fəhlə kadrların hazırlanması proqramı çərçivəsində Qaradağ rayonunun 40 gənc sakininə təlim keçirilməsi üzrə SOCAR ilə BP şirkəti arasında mövcud sazişin II fazası olaraq müqaviləyə əlavənin imzalanması mərasimi keçirilib. Bu barədə Trend SOCAR-ın saytına istinadən məlumat verir.

Sənədi SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və "BP-Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Layihənin II fazası çərçivəsində 31 dekabr 2016-cı il tarixinədək Qaradağ rayonunun sakini olan 40 nəfər gənc üçün 10 aylıq fəhlə kadrlarının hazırlanması proqramı daxilində peşə təlimi xidmətlərinin yerinə yetirilməsi nəzərdə tutulur. BP-nin Davamlı İnkişaf Təşəbbüsləri layihəsi çərçivəsində keçirilən bu proqrama əsasən, texnoloji qurğuların operatoru ixtisası üzrə 13, təmirçi çilingər ixtisası üzrə 13, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru ixtisası üzrə 14 gənc QRTM-də təhsilə cəlb olunacaq.

Layihənin məqsədi 6 inzibati binadan və qaynaq emalatxanasından ibarət QRTM-də müasir avadanlıqlar, tədris vəsaitləri və simulyator qurğularından istifadə etməklə, ixtisaslı və səriştəli müəllimlərin vasitəsilə 3 peşə ixtisası üzrə nəzəri və praktiki bilikləri tədris etmək, habelə SOCAR-ın müəssisələrində həmin gənclərə istehsalat təcrübəsini aşılamaq və onların peşə ixtisaslarına yiyələnmələrinə dəstək verməkdir.

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti X.Məmmədov şirkətin genişmiqyaslı və çoxşaxəli kadr hazırlığı proqramları həyata keçirdiyini, yüksək ixtisaslı fəhlə kadrların hazırlanmasını daim diqqət mərkəzində saxladığını bildirib. Qeyd olunub ki, əvvəlki illərdə layihə çərçivəsində təlim-tədris prosesi yüksək səviyyədə təşkil olunub və istehsalata ixtisaslı peşəkar fəhlə kadrlar göndərilib.

"BP-Azerbaijan" şirkətinin vitse-prezidenti B.Aslanbəyli SOCAR-ın təlim mərkəzinin təlim və tədris imkanlarını yüksək dəyərləndirib və kadr hazırlığı üzrə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti